Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»ni «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №– 3, maddə 162; 2005, №– 9, maddə 797; 2006, №– 5, maddə 400; 2007, №– 4, maddə 323, №– 12, maddə 1246; 2008, №– 11, maddə 972; 2009, №– 10, maddə 780, №– 12, maddə 983; 2011, №– 2, maddə 85; 2013, №– 2, maddə 111) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:

«8.3-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək;»;

2. 9.9-1-ci bəndə «məlumatları» sözündən sonra «(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)» sözləri əlavə edilsin;

3. 11.3-cü bənddən «habelə» sözü çıxarılsın və həmin bəndə «almaq» sözündən sonra «, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək» sözləri əlavə edilsin;

4. 11.4-cü bənddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada» sözləri «istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada» sözləri ilə əvəz edilsin və həmin bəndə ikinci halda «qaydada» sözündən sonra «elektron və (və ya) kağız formatda aparılan» sözləri əlavə edilsin;

5. aşağıdakı məzmunda 11.14-1-ci və 11.14-2-ci bəndlər əlavə edilsin:

«11.14-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

11.14-2. vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və formada «Vergi partnyorluğu sazişi» bağlamaq;».

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 23 iyul 2013-cü il
№– 941

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 iyul 2013-cü il, №– 160).