«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli, 835-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli, 835-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.3-1-ci maddəsində nəzərdə tutulmuş elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.3. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda) və 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
2.4. həmin Məcəllənin 176.3-1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 iyul 2009-cu il
№– 119
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 iyul 2009-cu il, №– 149).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2009-cu il, №– 7 (145), maddə 522).