Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli, 791-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 11.0.2-ci maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması qaydasını və xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin formasını təsdiq etsin;

1.5. həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi formasını və ərizəyə əlavə edilən sənədlərin siyahısını təsdiq etsin;

1.6. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə qaydasını və formasını təsdiq etsin;

1.7. həmin Qanunun 17.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə prioritet istiqamətlərə uyğun olaraq xüsusi iqtisadi zonaların yaradılması və yerləşəcək ərazilərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. öz səlahiyyətləri daxilində «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi üç ay müddətində:

2.1. həmin Qanunun 11.0.5-ci maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi qaydasını təsdiq etsin;

2.2. həmin Qanunun 12.3.7-ci maddəsinə uyğun olaraq operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma qaydasını təsdiq etsin;

2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanılan niyyət sazişinin nümunəvi formasını təsdiq etsin;

2.4. həmin Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin aparılması məqsədilə xüsusi iqtisadi zonanın rezidenti ilə operator arasında bağlanan sazişin nümunəvi formasını təsdiq etsin;

2.5. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın administrasiyası ilə operator və xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqavilələrinin nümunəvi formasını təsdiq etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş rezidentlərin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdan kənar gəlirlərindən ödənilməli olan verginin (sadələşdirilmiş verginin) məbləği barədə vergi orqanlarına verilən bəyannamənin formasını təsdiq etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun 17.6-cı maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonada mallarla əməliyyat aparan rezidentlər tərəfindən gətirilən, aparılan, saxlanılan, hazırlanan, emal edilən, satın alınan və satılan mallar barədə hesabatın formasını təsdiq etsin.

5. Müəyyən edilsin ki:

5.1. «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci, 5.3-cü, 8.1-ci, 8.2-ci, 9.3-cü və 10.0.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin Qanunun 10.0.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.3. həmin Qanunun 13.2-ci, 14.4-cü (hər iki halda) və 17.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.4. həmin Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;

5.5. həmin Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

5.6. həmin Qanunun 16.2-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

5.7. həmin Qanunun 17.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 3 iyun 2009-cu il
№– 101

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 iyun 2009-cu il, №– 121).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2009-cu il, №– 6 (144), maddə 413).

14 may 2014-cü il tarixli, 164 nömrəli Fərmana əsasən dəyişikliklərlə.