Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Varidata təminat verilməsi haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatı əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər.

2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri daşınar və daşınmaz əmlak; pul, valyuta və sair varidat investisiya şəklində Azərbaycan Respublikasına gətirilərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur.

3. Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir.

4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 15 yanvar 1993-cü il
№– 457

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 yanvar 1993-cü il, №– 14).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, №– 1, maddə 20).

13 iyun 1995-ci il tarixli, 1058 nömrəli Qanuna əsasən dəyişiklik və əlavələrlə.