Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

1.1. bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. bir ay müddətində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.9-cu maddəsində nəzərdə tutulmuş mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını müəyyən etsin;

1.4. on gün müddətində həmin Məcəllənin 175.1.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV-nin ödənilməsi və 175.8-ci maddəsinə uyğun olaraq ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. 15 gün müddətində həmin Məcəllənin 24.0.7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları» barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. «Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli, 2458 nömrəli Sərəncamının icrası ilə əlaqədar:

1.6.1. 10 gün müddətində müvafiq qanun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq ştat vahidinin və maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

1.7. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.9-cu, 175.1.3-cü və 175.8-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Məcəllənin 16.1.10-cu maddəsində, 35.1-ci maddəsinin ikinci abzasında (ikinci halda), 89.3-cü maddəsinin birinci abzasında və 157.2-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 35.1-ci maddəsinin ikinci abzasında (birinci halda) və 35.4-cü maddəsinin ikinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.4. həmin Məcəllənin 158.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Baş Xəzinədarlıq İdarəsində ƏDV-nin depozit hesabının açılmasını və 2008-ci il yanvarın 1-dən fəaliyyətə başlamasını təmin etsin;

3.2. dövlət büdcəsinin vəsaiti hesabına ƏDV ödəyicilərindən mallar (işlər, xidmətlər) alınarkən, ƏDV məbləğinin ƏDV-nin depozit hesabına köçürülməsini təmin edən tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın:

4.1. Mülkiyyət formasından asılı olmayaraq, əlavə dəyər vergisi qeydiyyatında olan bütün sahibkarlıq subyektləri tərəfindən əlavə dəyər vergisinin düzgün hesablanması, hesablanmış vergilərin vaxtında və tam həcmdə büdcəyə alınması, habelə mənzil tikintisi sahəsində sadələşdirilmiş verginin və əlavə dəyər vergisinin minimum məbləğinin düzgün müəyyənləşdirilməsi və tətbiqi üzərində nəzarəti gücləndirsin;

4.2 bir ay müddətində:

4.2.1. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işini yerinə yetirmək üçün müvafiq proqram təminatının hazırlanmasını təmin etsin;

4.2.2. Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə uyğun olaraq istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduğu və ya başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması qaydasını müəyyən etsin;

4.2.3. Vergi Məcəlləsinin 35.1-ci və 89.3-cü maddələrində nəzərdə tutulmuş məlumat formalarını təsdiq etsin;

4.2.4. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

5. Büdcə təşkilatlarının, səhmlərinin və ya paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərlərinə tapşırılsın ki, mal (iş, xidmət) alışlarını həyata keçirərkən, əlavə dəyər vergisinin aidiyyəti üzrə ödənilməsi və ƏDV depozit hesabında olan vəsaitdən səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

6. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, III kitab, maddə 616; 2005-ci il, №– 12, maddə 1099; 2006-cı il, №– 5, maddə 400, №– 12, maddə 1034; 2007-ci il, №– 4, maddə 323) 1-ci bəndinin:

6.1. üçüncü abzasında «65.2-ci» sözlərindən sonra «maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında» sözləri əlavə edilsin;

6.2. beşinci abzasında «34.2-ci, 72.2-ci» sözləri «34.2-ci maddələrində, 72.2-ci maddəsinin birinci abzasında» sözləri ilə əvəz edilsin.

7. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 14 dekabr 2007-ci il
№– 675

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 dekabr 2007-ci il, №– 283).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2007-ci il, №– 12 (126), maddə 1225).