Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun 4.3.4-cü maddəsində nəzərdə tutulmuş dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmış şəxslərin və dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin əməkdaşlarının əmək haqqına əlavələrin verilmə qaydasını və həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq məlumatların dövlət sirrinə aid edilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 20.4-cü və 27.3.1-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi sənədləri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 21.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 23.1.4-cü maddəsinə uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün icazənin alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 30.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş ekspert rəyinin hazırlanması və təsdiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq dövlət sirrinin yayılmasının qarşısının alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 32.5-ci maddəsində nəzərdə tutulmuş idarələrarası nəzarətin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. öz səlahiyyətləri daxilində «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun 4.2.5-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanı aparatı» dedikdə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı nəzərdə tutulur;

2.2. həmin Qanunun 4.2.2-ci və 15.3-cü maddələrində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya nəzərdə tutulur;

2.3. həmin Qanunun 20.1.1-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya nəzərdə tutulur;

2.4. həmin Qanunun 28.2-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 29.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə,, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 32.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

3. Müəyyən edilsin ki:

3.1. «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində, 6.6-cı maddəsində, 9.2-ci maddəsinin üçüncü cümləsində, 21.10-cu maddəsində və 31.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 4.3-cü maddəsində, 18.1-ci maddəsində (birinci halda), 18.2-ci maddəsində, 20.4-cü maddəsində, 21.3-cü maddəsində, 21.9-cu maddəsində , 23.1.4-cü maddəsində, 26.2-ci maddəsində, 27.1-ci maddəsində, 27.3.1-ci maddəsində, 30.2-ci maddəsinin ikinci cümləsində, 31.2-ci maddəsində və 32.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsində, 13.3-cü maddəsində, 13.5-ci maddəsinin ikinci cümləsində, 14.5-ci maddəsinin ikinci cümləsində, 18.1-ci maddəsində (ikinci halda), 19.0.3-cü maddəsində, 21.5-1-ci maddəsinin ikinci cümləsində və 30.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;

3.4. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.5. həmin Qanunun 32.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;

3.6. Dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin informasiya və rabitə sistemlərində və şəbəkələrində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir;

3.7. həmin Qanunun 21.5-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, digər dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir;

3.8. həmin Qanunun 23.1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, xarici dövlətlərdə yaşayan vətəndaşlara münasibətdə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

3.9. həmin Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini 23.1.1-ci maddə üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 23.1.2, 23.1.3 və 23.1.5-ci maddələr üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 23.1.4-cü maddə üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 23.1.6-cı maddə üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bu Fərmanın 3.8-ci bəndinə uyğun olaraq), 23.1.7-ci maddə üzrə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.

Bakı şəhəri, 5 noyabr 2004-cü il.
№– 139.

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 noyabr 2004-cü il, №– 266).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2004-cü il, №– 11, maddə 903).

12 mart 2007-ci il tarixli, 550 nömrəli; 21 iyun 2007-ci il tarixli, 594 nömrəli; 8 iyul 2014-cü il tarixli Fərmanlara əsasən dəyişikliklərlə.