Yay Təcrübə Proqramı çərçivəsində UNEC tələbələri üçün məlumatlandırıcı sessiya təşkil olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Yay Təcrübə Proqramı çərçivəsində tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün məlumatlandırıcı sessiya keçirib.
Görüşdə DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tələbələrə Yay Təcrübə Proqramı barədə ətraflı məlumat veriblər. Həmçinin vergi orqanlarının fəaliyyəti barədə məlumatlılığın və vergi savadlılığının artırılması məqsədilə DVX-nin Tədris Mərkəzinin nümayəndələri tərəfindən “Azərbaycan Respublikasının Vergi sistemi” və ”İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu" mövzularında təqdimatlar edilib.
Xatırladaq ki, DVX ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil alan tələbələri üçün sayca dördüncü Yay Təcrübə Proqramını elan edib. Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 14 may 2025-ci il saat 23:59-dək həyata keçiriləcək. Yay Təcrübə Proqramı ilə bağlı ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/post/3997.
Növbəti görüşlər digər ali təhsil müəssisələrində keçiriləcək.