Kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirib. Kiçik, orta və iri sahibkarlıq subyektlərinin iştirak etdiyi görüşdə rəqəmsal vergi xidmətləri, tətbiq olunan vergi güzəştləri, eyni zamanda, “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”ndən bəhs olunub.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov vergi güzəştləri və azadolmaları, tətbiq edilən rəqəmsal xidmətlər haqqında məlumat verib. İdarə rəisi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”na əsasən Naxçıvan şəhəri, Ordubad, Şərur və Babək rayonlarında istifadəyə verilmiş vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərdən bəhs edib. Bildirib ki, cari ilin yanvar-mart aylarında mərkəzlərdə 14.966 sayda xidmət göstərilib.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Babayev “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” barədə çıxış edib, bərabər və şəffaf fiskal mühitin təmin olunması məqsədilə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışlarının daxil edildiyini xatırladıb. Görüş iştirakçılarına riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanları, riskli vergi ödəyicilərinin bu siyahıdan çıxarılması şərtləri barədə ətraflı məlumat verilib.
Bundan başqa, rəqəmsal transformasiyanın birbaşa vergi ödəyicilərinin və vətəndaşların vaxtına qənaət etməklə yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi və rəqabət mühitinin qorunması məqsədi daşıdığı görüş iştirakçılarının diqqətinə çatdırılıb. Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlir və xərclərin uçotunun şəffaf aparılmasının, vergi orqanlarına düzgün bəyan edilməsinin, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsinin vacibliyi bir daha vurğulanıb.
Tədbirin sonunda sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı suallarını və təkliflərini səsləndirib, mövzu ətrafında ətraflı müzakirələr aparılıb.