Dövlət Vergi Xidməti növbəti Yay Təcrübə Proqramına qəbul elan edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tələbələrin bilik və bacarıqlarının artırılmasına və şəxsi inkişafına dəstək vermək məqsədilə ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca dördüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr bu il aprel ayının 14-dən may ayının 14-dək Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.
“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin təqdimat videoçıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.
“Yay Təcrübə Proqramı” bu il iyul ayının 7-dən sentyabr ayının 5-dək davam edəcək. Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində iştirakçılara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər keçiriləcək, onların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Mərkəzin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.
Daha sonra tələbələr DVX-nin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində praktiki təcrübə keçəcəklər.
Proqramda iştirak etmək üçün namizədlərə qoyulan əsas tələblər aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
- cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.
Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 14 aprel 2025-ci il saat 09:00-dan 14 may saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən mövzu hissəsində “Yay Təcrübə Proqramı 2025” qeyd edilməsi ilə yanaşı, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
Ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/3997