Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə turnirin ikinci yarımfinal mərhələsi keçirilib.
DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bildirib ki, belə intellektual yarışlar təkcə biliklərin sınağa çəkilməsi məqsədi daşımır, həm də əməkdaşlıq və komanda işinin önəmini nümayiş etdirməklə yanaşı, gənclərin məntiqi düşünmə bacarıqlarının inkişafı baxımından olduqca faydalıdır. Elçin Məmmədov “Nə? Harada? Nə zaman?” intellektual oyununun DVX-də artıq hər il keçirildiyini xatırladaraq əməkdaşların asudə vaxtlarının səmərəli təşkili baxımından da əhəmiyyətini diqqətə çatdırıb.
Ümumilikdə 44 komandanın iştirak etdiyi yarışın ikinci yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 22 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. İkinci yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 11 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.
İntellektual turnirin final mərhələsi may ayında keçiriləcək.