Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

25 illik təcrübəyə malik vergi sistemi yeni transformasiya şəraitində...

11 fevral vergi işçilərinin peşə bayramıdır. Bu tarix Azərbaycanda müasir vergi xidmətinin yaradılması ilə əlamətdardır. Bu gün həmin vaxtdan 25 il keçir.

Azərbaycanın müasir vergi sistemi

Azərbaycan müstəqillik əldə etdikdən sonra Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrından etibarən öz fəaliyyətini müstəqil orqan olaraq Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi davam etdirib və 11 fevral 2000-ci il tarixli Prezident fərmanı ilə onun bazasında Vergilər Nazirliyi yaradılıb. 23 oktyabr 2019-cu ildən etibarən isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət göstərir. Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edir və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Vergi sisteminin 25 illik fəaliyyəti dövründə iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb. Vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq, müxtəlif vaxtlarda vergi islahatları paketi hazırlanıb və bununla bağlı Vergi Məcəlləsində dəyişikliklər edilib.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun daim təkmilləşdirilir. Sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Son illər Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir. Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu getdikcə artır.

Dayanıqlı fiskal artım və biznes mühitinə töhfələr

Vergi sistemində aparılmış islahatlar vergi daxilolmalarının davamlı şəkildə artmasını təmin edir. Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır, bu məqsədlə beynəlxalq əlaqələr genişləndirilir. Biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2024-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 808 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard 27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə 337,3 milyon manatdan artıq vəsait daxil olub. 2023-cü il ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya 13,6 faiz artıb. Ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qaz sektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Xüsusilə qeyri-neft-qaz sektorundan daxilolmaların artması vergi islahatlarının ölkə iqtisadiyyatının diversifikasiya prosesinə töhfələrinin nəticəsi kimi səciyyələnir. Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların böyük rolu var.

“Kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi də son illər sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir. Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərindəndir.

Vergi orqanlarında aparılan islahatların effektiv nəticələrindən biri də əmək bazarında son illər müşahidə edilən leqallaşmadır. 2019-cü ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsi gəlir vergisindən 7 il müddətinə azad edildi və güzəştin tətbiqi və fiskal stimullar nəticəsində qeyri-dövlət bölməsində yeni əmək müqavilələrinin sayı 82 faizdən çox artdı. İslahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirildi. Universitetin “Growth Lab” Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil etdi və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərdi. Əmək bazarında əldə edilən bu nəticələr iqtisadiyyatın şəffaflaşması ilə yanaşı, başlıca olaraq  sosial rifaha və əhalinin hüquqlarının qorunmasına xidmət edən müsbət tendensiyanı ehtiva edir.

Azərbaycanda vergi siyasəti biznes subyektlərinin fəaliyyətinə dəstək verən əsas iştirakçı kimi iqtisadi aktivliyi fəal təşviq edir. Vergi güzəştləri sahibkarlara səmərəli fəaliyyət üçün geniş imkanlar yaradır. “Ələt azad iqtisadi zonası haqqında” Qanuna əsasən, azad zona səlahiyyətli qurumu, inzibati müəssisələri və səlahiyyətli qurumun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda azad zonada fəaliyyət göstərən hüquqi şəxslər buradakı fəaliyyətlərinə aid bütün vergilərdən azaddırlar. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunublar. İnvestisiya fəaliyyətinin cəlbediciliyinin artırılması üçün kifayət qədər geniş təşviqlər sistemi mövcuddur. “Yaşıl iqtisadiyyat”ın, innovasiyaların, xarici investisiyaların təşviqi istiqamətində də vergi güzəştləri mövcuddur. Bütün bunlar biznes subyektlərinin fəaliyyətinə fəal dəstək sərgiləyir. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazinin rezidenti statusuna malik olan 12 vergi ödəyicisi Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulmuş güzəştlərdən yararlanaraq ümumilikdə dövlət büdcəsinə 2023-cü il ərzində 3,4 milyon manat, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə 3,7 milyon manat daxilolmanı təmin edib. İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 501 milyon manatdan çox maliyyə vəsaitinə qənaət ediblər.

Vergi sistemi həm də innovativ layihələrin həyata keçirilməsi ilə diqqəti çəkir. Bu kateqoriyadan olan “ƏDV geri al” layihəsi şəffaflaşma prosesini ictimai iştirakçılığı cəlb etməklə təmin edən unikal imkanlar yaradır. 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsində cəmiyyət böyük maraqla iştirak edir. Layihə fiskal stimulların verilməsi ilə ticarət obyektlərində dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağarmasına” təkan verir.

Azərbaycanın vergi sisteminə beynəlxalq etimad da yüksək səviyyədədir. Belə ki, ötən ilin iyun ayında 2024-2025-ci illər üzrə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidentliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib. Bu etimad ölkəmizin vergi sisteminə olan inamın təzahürüdür. Çünki bu mötəbər beynəlxalq təşkilata rəhbərlik qlobal biznes mühitində mühüm rola malik, mütərəqqi və dəyişikliklərə çevik uyğunlaşan vergi sistemlərinə etibar edilir. Beynəlxalq təşkilata sədrlik qlobal ictimai maraqlara xidmət etməklə beynəlxalq vergi siyasətinə təsir göstərmək, faydalı təşəbbüslər irəli sürmək və iqtisadi sabitliyə töhfə vermək imkanı yaradır.

Vergi sisteminin yeni inkişaf hədəfləri

Azərbaycanın vergi sistemində formalaşmış bu ənənələr yeni çağırışlar şəraitində müasir transformasiya yoluna qədəm qoyub. Dövlətimizin milli inkişaf və sosial-iqtisadi inkişaf prioritetlərinə əsaslanaraq Dövlət Vergi Xidməti tərəfindən də inkişaf strategiyası hazırlanıb. Ortamüddətli dövrdə həyata keçiriləcək strategiya vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilib. Sahibkarlığın inkişafına göstərilən dəstəyin artırılması, biznes mühitinin əlverişliliyinin təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi mühüm hədəflər sırasında yer alır. Strategiyanın əsas məqsədi investisiya və rəqabət mühitini təşviq etməklə bərabər, vergidən yayınmaqla qanunsuz vergi üstünlüyü əldə etməyə çalışan şəxslərin biznes cəmiyyətinə zərər vurmasının qarşısını almaq, ümumi məqsədə - inklüziv və dayanıqlı iqtisadi artıma nail olmaq üçün səmərəli, əlaqələndirilmiş və ardııl addımları təmin etməkdir.

Göründüyü kimi, 25 illik inkişaf tarixini qət edən Azərbaycanın vergi sistemi üçün yeni hədəflər müəyyənləşdirilib. Keyfiyyətcə yeni mərhələyə transformasiyanın mahiyyətini şəffaf fəaliyyət, etimad mühiti və hərtərəfli inkişaf təşkil edir. Vergi sistemində aparılan islahatlardan əldə edilən nəticələr və yeni hədəflər vergi orqanlarının bundan sonra da ölkəmizin sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verəcəyinə əsaslı bünövrə yaradır.