Vergi bəyannamələri vaxtında təqdim edilməlidir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrinin vaxtında təqdim olunmasını təmin etmək məqsədilə maarifləndirmə işlərini davam etdirir. Bəyannamələrin vaxtında təqdim edilməsinin, hesablamaların dəqiq aparılmasının və vergilərin vaxtında ödənilməsinin zəruriliyi diqqətə çatdırılır.
Qeyd edək ki, verginin bəyannamədə əks olunan məbləği həmin hesabatda göstərilməli olan məbləğə nisbətən azaldıldığı halda, habelə büdcəyə ödənilməli vergi hesabat təqdim etməməklə yayındırıldıqda, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış məbləğlərə münasibətdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş maliyyə sanksiyaları tətbiq olunur. Bundan başqa, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli verginin məbləğini qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlaqəli məlumatlardan istifadə etməklə kameral qaydada hesablamaq hüququ var.
Bəyannamələrin vaxtında və düzgün təqdim edilməsi qanunvericiliyin tələbi olmaqla yanaşı, həm də sosial məsuliyyətdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin olunmasında fəal iştirakının göstəricisidir. Eyni zamanda, maliyyə əməliyyatlarında şəffaflıq etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir.
Dövlət Vergi Xidmətinin prioritet fəaliyyət istiqamətlərindən biri də vergi inzibatçılığının daim təkmilləşdirilməsi və vergi ödəyicilərinin maraqlarının qorunmasıdır. Həmin səbəbdən bəyannamə və hesabatların elektron formada təqdim edilməsi üçün geniş imkanlar yaradılıb. Bu isə vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarların xidmət mərkəzlərinə getmədən bəyannamələri rahat şəkildə təqdim etməsinə imkan verir.