Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi zəruridir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin vergi intizamına əməl etməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bəyannamələrin vaxtında təqdim edilməsini təmin etmək məqsədilə maarifləndirmə işlərini davam etdirir.
2024-cü ilin 4-cü rübü üzrə rüblük bəyannamə və hesabatlar 2025-ci ilin yanvar ayının 1-dən başlayaraq həmin ayın 20-dək, 2024-cü il üzrə illik bəyannamə və hesabatlar isə 2025-ci ilin yanvar ayının 1-dən başlayaraq mart ayının 31-dək vergi orqanına təqdim olunmalıdır.
Həmin dövr ərzində təqdim olunmalı rüblük bəyannamə və hesabatlar sırasına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə, Sadələşdirilmiş vergi bəyannaməsi, Xüsusi notariuslar üzrə gəlir vergisi bəyanaməsi, Ödəmə mənbəyində tutulan vergi, İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, dövlət rüsumu haqqında hesabatlar aiddir. İllik bəyannamələrə isə gəlir vergisi, mənfəət vergisi, əmlak vergisi və torpaq vergisi bəyannamələri aid edilir.
Bəyannamə və hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi və sosial sığorta hesabatlarının əsas olmadan qanunvericilikdə müəyyənləşdirilmiş müddətdə təqdim edilmədikdə hər bir vaxtında göndərilməyən bəyannaməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə ödənilmədikdə isə ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən 0,1 faiz məbləğində faiz tutulur.