POS-terminallardan istifadə ilə bağlı nəzarət tədbirləri davam etdirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.
Aparılan müşahidələr zamanı Bakı şəhəri ərazisində yerləşən bəzi ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Belə ki, indiyədək 408 sahibkarlıq subyekti tərəfindən istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.