Oktyabr ayında DVX-nin Aparatında 124 vətəndaş qəbul edilib
2024-cü ilin oktyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 53.381 müraciət daxil olub ki, onların 96,3 faizini ərizələr, 3,6 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.
Daxil olmuş müraciətlərdən 84,5 faizinin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 15,5 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 44,2 faizi həll olunub, 54,6 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Oktyabr ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı 1.482 olub. Həll edilmiş şikayətlərin 60,5 faizi kameral vergi yoxlamaları, 4 faizi vergi ödəyicisinin qeydiyyatı, 3,3 faizi sosial sığorta ödənişləri, 3,3 faizi vergi borcu, 2,3 faizi ƏDV depozit hesabı, 2 faizi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 2 faizi riskli vergi ödəyicisi hesab edilməməsi, 22,6 faizi isə digər məsələlər ilə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 124, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.