Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı metodiki vəsait

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin 4 noyabr 2022-ci il tarixli
2217040101435800 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

1.1. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait (bundan sonra – Metodiki Vəsait) Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, "Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, "Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir.

1.3. Bu Metodiki Vəsaitin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.3.1. Bələdiyyələrin vergi xidməti orqanı – fiziki şəxslərin və yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınmasını, yenidən uçota alınmasını, uçotdan çıxarılmasını və uçot məlumatlarında dəyişiklik edilməsini həyata keçirən orqandır;

1.3.2. "Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslər” - xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan rezident və qeyri-rezident fiziki şəxslər, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq xüsusi mülkiyyətində su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər və Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər (bundan sonra- fiziki şəxslər).

1.3.3. "Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan sahibkarlıq fəaliyyəti subyektləri” - bələdiyyələrin təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün yaratdığı müstəqil hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir.

1.3.4. Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisi -Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən mənfəət vergisidir.

1.3.5. Yerli ödənişlər - "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilən ödənişlərdən, habelə yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğularının nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlərdən ibarətdir.

1.3.6. "Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN) - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN - on rəqəmli olur və birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir. Proqram təminatı VÖEN-in doqquzuncu rəqəmini xüsusi alqoritm vasitəsilə, onuncu rəqəmini isə vergi ödəyicisinin hüquqi statusuna (fiziki şəxs və ya hüquqi şəxs olmasına) uyğun olaraq müəyyən edir.

1.3.7. Bələdiyyə vergi şəhadətnaməsi - yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotunu aparan bələdiyyənin vergi xidməti orqanı tərəfindən verilən, fiziki şəxsin vergi uçotuna alınmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-i və ünvanını əks etdirən sənəddir.

1.3.8. Uçot vərəqəsi - fiziki şəxslərin əmlak və torpaqlarının vergi uçotunun kodunu və vergilərin hesablanmasına əsas verən rekvizitləri özündə əks etdirən sənəddir.

Uçot vərəqəsi hər bir əmlaka və torpağa görə ayrıca verilir və VÖEN-i, əmlak (torpaq) sahibinin adını, əmlakın adını, yerləşdiyi ünvanı (ərazini), ölçüsünü, dəyərini və digər fiziki xüsusiyyətlərini özündə əks etdirir.

1.3.9. Vergi uçotunun kodu - uçot vərəqəsinə daxil edilən fiziki şəxsin əmlakının və torpağının yerli (bələdiyyə) verginin ödənilməsi məqsədilə bələdiyyədə uçota alınmasını təsdiq edən koddur.

Vergi uçotunun kodu yeddi rəqəmli olmaqla (ona verilmiş VÖEN-ə defis qoymaqla əlavə olunur) ilk iki rəqəm əmlakın (torpağın) yerləşdiyi ərazi inzibati vahidini, sonrakı iki rəqəm inzibati ərazi vahidi üzrə bələdiyyəni və son üç rəqəm isə həmin bələdiyyədə uçota alınmış əmlakın (torpağın) sıra sayını göstərir.

1.3.10. Proqram təminatı - bələdiyyənin istismarında olan informasiya sisteminin "VÖEN” altsistemində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin özlərinin və əmlaklarının uçotunun aparılması üçün tətbiq edilən xüsusi proqram tərtibatıdır.

1.3.11. Elektron kabinet – yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən bələdiyyənin informasiya sistemində hər bir yerli (bələdiyyə) vergilərin ödəyicisi üçün ayrıca yaradılan, gücləndirilmiş elektron imza və (və ya) bələdiyyələrin vergi xidməti tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi olan fiziki şəxs ilə bələdiyyələrin vergi xidməti orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.

1.3.12. Bələdiyyə ödəyicisinin qovluğu - fiziki şəxslərin vergi uçotuna alınmaq, yenidən uçota alınmaq, uçotdan çıxarılmaq, habelə uçot məlumatlarında dəyişiklik etmək üçün təqdim etdiyi ərizələrin və digər uçot sənədlərinin bələdiyyənin vergi xidməti orqanında saxlanılan qovluğudur.

1.3.13. Şəxsiyyəti təsdiq edən sənəd - Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, habelə qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsi;

1.3.14. Torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dır ( o cümlədən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri);

1.4. Bələdiyyələrdə fiziki şəxslərin uçotu Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinin müddəalarına müvafiq qaydada aparılır. Bələdiyyədə uçota alınmalı olan fiziki şəxslərin vergi uçotunun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizələrin, ödəyicilərin uçota alınmasını təsdiq edən şəhadətnamənin formaları və ərizələrin doldurulması qaydaları bu Metodiki Vəsaitə əlavə edilir.

 

2. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin bələdiyyədə vergi uçotuna dair ərizələrinin qəbulu və qeydiyyatı işlərinin təşkili

2.1. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə) isə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

2.2. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş (müvafiq olaraq 3 nömrəli10 nömrəli əlavələr) göndərilir.

2.3. Bu Metodiki Vəsaitin 2.1-ci bəndinin məqsədləri üçün fiziki şəxsin hər bir əmlakı (torpağı) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

2.4. Fiziki şəxslər yaşadıqları ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Ərizə” (1 nömrəli əlavə) və əmlakının (torpağının) yerləşdiyi ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçota alınması haqqında Ərizə” (4 nömrəli əlavə) formalarına əsasən uçota alınırlar.

2.5. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə 2 nömrəli əlavədə, "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə 5 nömrəli əlavədə göstərilən qaydada doldurulur.

2.6. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Metodiki Vəsaitin məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən bələdiyyənin vergi xidməti orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Metodiki Vəsaitin göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir.

2.7. Ərizələrə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətləri də əlavə edilir.

2.8. Ərizənin təqdim edilməsi bilavasitə bələdiyyə vergi xidməti orqanına gəlməklə və ya poçt vasitəsi ilə, habelə elektron qaydada (www.e-belediyye.gov.az) həyata keçirilir.

2.9. Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının torpağının uçota alınması üçün ərizə ilə müraciət etməmiş şəxslər bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirləri nəticəsində aparılan pasport qeydiyyatı aktı əsasında uçota alınır və 5 gün müddətində vergi ödəyicisinə uçot vərəqəsi (6 nömrəli əlavə) təqdim edilir.

2.10. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir.

2.11. Sənədlərin qəbulu və yoxlanılması ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının əməkdaşı qəbul etdiyi ərizənin düzgün doldurulmasını müraciət edənin iştirakı ilə yoxlayır.

2.12. Təqdim edilən sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə müraciət edən şəxsə uçota alınmaq və ya uçot məlumatlarında dəyişiklik aparılması üçün təqdim edilmiş ərizə və sənədlərdəki uyğunsuzluqlar barədə bildiriş təqdim olunur. Uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, uçota dair sənədlər bələdiyyənin vergi xidməti orqanı tərəfindən yenidən baxılmaq üçün qəbul edilir.

2.13. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən fiziki şəxsin uçota alınması, bu barədə müraciətin daxil olduğu tarixdən 1 gün müddətində həyata keçirilir və həmin müddətdə ödəyiciyə bu Metodiki Vəsaitə 3 nömrəli əlavə üzrə "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə” verilir.

2.14. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə” (3 nömrəli əlavə) fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin yazılı formada müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

2.15. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, müraciəti əsasında ona (və ya onun səlahiyyətli nümayəndəsinə) yeni bələdiyyə vergi şəhadətnaməsi verilir. Bu zaman əvvəl verilmiş "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə” geri alınır.

2.16. Bələdiyyələrin vergi xidməti orqanı tərəfindən "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə” (3 nömrəli əlavə) və "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçot vərəqəsi” (6 nömrəli əlavə) uçota alınmış fiziki şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə "Yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotuna dair sənədlərin ödəyicilərə təqdim edilməsi kitabı”na (7 nömrəli əlavə) imza edilməklə təqdim edilir.

2.7. Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır.

2.8. Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan hüquqi və sahibkarlıq subyekti olan fiziki şəxslərin bələdiyyələrlə məlumat mübadiləsi həmin şəxslərin vergi ödəyicisi kimi uçotda olduqları dövlət vergi orqanları tərəfindən onlara verilmiş kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.

 

3. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan sahibkarlıq fəaliyyəti subyektlərinin bələdiyyədə uçotuna dair ərizələrin qəbulu və qeydiyyatı işlərinin təşkili

3.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisinin və yerli ödənişlərin ödəyiciləri olan hüquqi şəxslər mülkiyyətində olduqları, fərdi sahibkarlar isə fəaliyyət göstərdikləri ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında (bələdiyyədə) "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə” (8 nömrəli əlavə)” formasına əsasən uçota alınırlar.

3.2. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə 9 nömrəli əlavədə göstərilən qaydada doldurulur.

3.3. Ərizəyə vergi orqanları tərəfindən verilmiş vergi uçotu haqqında şəhadətnamənin (VÖEN) surəti əlavə edilir.

3.4. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir.

3.5. Sənədlərin qəbulu və yoxlanılması ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının əməkdaşı qəbul etdiyi ərizənin düzgün doldurulmasını müraciət edənin iştirakı ilə yoxlayır.

3.6. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması bu barədə müraciətin daxil olduğu tarixdən 1 gündən gec olmayaraq subyektin VÖEN-i əsasında həyata keçilir və həmin müddətdə ödəyiciyə "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında bildiriş” (10 nömrəli əlavə) verilir.

3.7. Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır.

 

4. Fiziki şəxslərin elektron qaydada uçota alınması

4.1. Fiziki şəxslər İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az) portalında e-qeydiyyatdan keçməklə bələdiyyədə vergi uçotuna dayana bilərlər. Bu məqsədlə fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

4.2. Fiziki şəxsin e-qeydiyyatı www.e-belediyye.gov.az portalının "Yerli (bələdiyyə) vergilərin ödəyicisinin onlayn qeydiyyatı” bölməsi vasitəsilə aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə kod-parol və ya gücləndirilmiş elektron imzanı daxil etməklə elektron ərizə formasını dolduraraq qeydiyyatdan keçir.

4.3. E-qeydiyyat zamanı fiziki şəxsin ünvanı şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti bələdiyyənin vergi xidməti orqanında vergi uçotuna alınır.

 

5. Sahibkarlıq fəaliyyəti subyektlərinin elektron qaydada uçota alınması

5.1. Gücləndirilmiş elektron imzaya və ya vergi ödəyicisi kimi müvafiq kod-parola malik olan sahibkarlıq fəaliyyəti subyektləri İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az) portalı vasitəsilə bələdiyyədə vergi uçotuna dayana bilərlər.

5.2. E-qeydiyyat zamanı sahibkarlıq fəaliyyəti subyektinin ünvanı və məlumatları vergi ödəyicilərinin qeydiyyat (uçot) bazasında göstərilmiş qeydiyyat (uçot) məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti bələdiyyənin vergi xidməti orqanında vergi uçotuna alınır.

 

6. Yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi

6.1. Fiziki şəxslərin bələdiyyədə uçot məlumatlarına dəyişiklik edilməsi üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına bu Metodiki Vəsaitə 1 nömrəli və (və ya) 4 nömrəli əlavədə göstərilən formada ərizə ilə müraciət edir. Bu zaman müraciət edən şəxs ərizədə onun yerli (bələdiyyə) vergilərin ödəyicisinin uçot məlumatlarında dəyişiklik edilməsi məqsədilə təqdim edildiyini müvafiq qaydada işarə etdikdən sonra "VÖEN”-i və dəyişiklik edilməli olan uçot məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə uçot məlumatlarında edilməli olan dəyişikliyi təsdiq edən sənədlər (şəxsiyyətini təsdiq edən sənədin surəti və ya ünvan barədə sənəd) əlavə edilir.

6.2. Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçot məlumatlarında dəyişiklik baş verdikdə onlar tərəfindən bu Metodiki Vəsaitə 8 nömrəli əlavədə göstərilən formada ərizə ilə bələdiyyənin vergi xidməti orqanına müraciət olunur.

6.3. Fiziki şəxsin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, bələdiyyənin vergi xidməti orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.

6.4. Fiziki şəxslərin vergi uçotunda olduğu bələdiyyənin vergi xidməti orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonrakı 15 gün müddətində həmin bələdiyyənin vergi xidməti orqanı fiziki şəxsin yenidən uçota alınmasını (yəni, əvvəlki bələdiyyədən vergi uçotundan çıxarılması və yeni bələdiyyədə vergi uçotuna alınması) həyata keçirir.

6.5. Fiziki şəxslərin yaşayış yerini dəyişdiyi zaman əvvəlki bələdiyyənin vergi xidməti orqanından aldığı VÖEN-i yaşadığı yerin yerləşdiyi bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bu zaman fiziki şəxsin yerli (bələdiyyə) vergilərinin ödəyicisi olması barədə bələdiyyənin vergi xidməti orqanının məlumat bazalarında müvafiq məlumatlar daxil edilir və fiziki şəxsə məxsus VÖEN-in ünvan məlumatlarında dəyişiklik edilərək ona yeni bələdiyyə vergi şəhadətnaməsi verilir.

6.6. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində bələdiyyənin vergi xidməti orqanına məlumat verməklə bu Metodiki Vəsaitə müvafiq olaraq 4 və ya 8 nömrəli əlavədə göstərilən formada ərizə ilə müraciət edilir.

 

7. Fiziki şəxslərin yenidən uçota alınması

7.1. Fiziki şəxslərin uçotdan çıxarıldıqdan sonra yenidən bələdiyyədə uçota alındıqda fiziki şəxsin özü və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına bu Metodiki Vəsaitə 1 nömrəli əlavədə göstərilən formada ərizə ilə müraciət etməlidir.

7.2. Bələdiyyənin vergi xidməti orqanına bu barədə ərizə daxil olduqda 1 gün müddətində ləğv edilmiş kimi arxivləşdirilmiş "VÖEN” yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumat bazasında bərpa olunur (aktivləşdirilir). Bu zaman fiziki şəxsə onun bələdiyyədə uçota alınmasını təsdiq edən "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə” təqdim edilir.

7.3. Bələdiyyədə vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma rüsumsuz (ödənişsiz) həyata keçirilir.

 

8. Fiziki şəxslərin uçotdan çıxarılması

8.1. Fiziki şəxslərin uçotdan çıxarılması aşağıdakı hallarda və əsaslarla həyata keçirilir:

8.1.1. fiziki şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - məhkəmənin müvafiq qərarı əsasında;

8.1.2. fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında;

8.1.3. mülkiyyətində olan bütün əmlakı və torpaq sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada özgəninkiləşdirdikdə - daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında;

8.1.4. mülkiyyətində və ya sahibliyində olan torpaq sahələri üzərində istifadə hüququnu qanunamüvafiq qaydada başqasına verdikdə - torpaq sahələrinin özgəninkiləşdirilməsi və ya torpaq sahələri üzərində sahiblik hüququnun başqa şəxsə verilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında.

8.2. Bu Metodiki Vəsaitin 8.1.3-cü və 8.1.4-cü yarımbəndlərində göstərilən hallar baş verdikdə, yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin əmlakının (torpağının) uçotdan çıxarılması üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına müraciət edir.

8.3. Fiziki şəxs vergi uçotundan çıxarılanadək yerli (bələdiyyə) vergilərin ödəyicisinin uçota alınması barədə bələdiyyə vergi şəhadətnaməsinin (bələdiyyənin vergi xidməti orqanından təhvil götürüldüyü halda) əsli bələdiyyənin vergi xidməti orqanına təhvil verilir. Uçotdan çıxarılan vergi ödəyicisinin bələdiyyə vergi şəhadətnaməsi itmişdirsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına məlumat verir (yazılı, yaxud elektron qaydada).

8.4. Bu Metodiki Vəsaitin 8.1.1-ci və 8.1.2-ci yarımbəndində qeyd edilən hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin bələdiyyə vergi şəhadətnaməsi tapılmadıqda onun uçotdan çıxarılması üçün bələdiyyə vergi şəhadətnaməsinin bələdiyyənin vergi xidməti orqanına təqdim edilməsi tələb edilmir və vergi ödəyicisinin uçotdan çıxarılması istiqamətində bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

8.5. Fiziki şəxs vergi uçotundan çıxarıldıqda, ona verilmiş VÖEN yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.