İnzibati şikayətlərin sayı azalıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə 5.091 faktiki müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz azdır. Müraciətlərin 94,5 faizi kameral vergi yoxlamaları, qalanları səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti və digər məsələlərlə bağlı olub. Hesabat dövründə 4.731 faktiki müraciət icra edilib və bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 45,4 faiz azdır. Daxil olmuş müraciətlərin 41,6 faizi müvafiq qərarla icra edilib, 58,4 faizi isə məktublar vasitəsilə cavablandırılıb.
Qərarla icra olunmuş 1.966 faktiki müraciətin 65,4 faizi baxılmamış saxlanılıb ki, bunun da 96,2 faizi şikayətin geri götürülməsi ilə bağlıdır. Bundan başqa, müraciətlərin 15,9 faizi üzrə inzibati şikayətin təmin edilməməsi, 12,6 faizi üzrə təmin edilməsi, 4,1 faizi üzrə qismən təmin edilməsi, 2 faizi üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul edilib.
Məktubla icra olunmuş 2.765 faktiki müraciətin 96,7 faizi müvafiq izahat işləri nəticəsində aşkarlanmış uyğunsuzluqlar aradan qaldırılaraq dəqiqləşdirilmiş bəyannamələr təqdim edildiyindən vergi orqanları tərəfindən nəzərə alınıb, yaxud təqdim olunmuş izahatlar və təsdiqedici sənədlər əsasında hesablanmış əlavə vergi məbləğləri vergi orqanları tərəfindən azaldılıb.
Ümumilikdə müraciətlərin 61,7 faizi öz müsbət həllini tapıb.