Ticarət şəbəkəsinin təmsilçiləri ilə müzakirələr aparılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq formatı davam etdirilir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkil etdiyi növbəti belə görüş “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə iştirak edən ölkə üzrə aparıcı ticarət şəbəkələrinin təmsilçiləri tərəfindən yerli kənd təsərrüfatı məhsullarının alışı və satışı, həmçinin təqib və izləmə (“track and trace”) sisteminin tətbiqi ilə bağlı yaranan çətinliklər və onların həllinə dair təkliflər, həmçinin bonus kartları ilə edilən ödəmələrin vergi tənzimləməsi kimi məsələlər müzakirə edilib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.