Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2024-cü ilin ötən dövründə həyata keçirilmiş işlər və layihələr, habelə iclasın gündəliyində olan əsas məsələlər barədə məlumat verib. Qeyd olunub ki, biznesin qeydiyyatının sadələşdirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü və müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq qəbul olunub, dövlət başçısı tərəfindən 8 iyul 2024-cü il tarixdə təsdiqlənib. Bununla da kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi prosesinə başlanılıb.

Sonra İşçi qrupunun üzvü, Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları üzrə dəyişikliklərlə əlaqədar notariat hərəkətləri aparıldıqdan sonra müvafiq məlumatların, eləcə də kommersiya hüquqi şəxslərin rəhbərləri ilə əmək müqavilələrinin bağlanması və xitam verilməsi üzrə müvafiq məlumatların onlayn qaydada əldə edilərək qeydiyyata alınması ilə bağlı qanunvericilik layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub, müvafiq rəylər alınıb və hazırda baxılmaqdadır. Eyni zamanda, kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların reyestrinin aparılması ilə bağlı işlər həyata keçirilir, müvafiq normativ sənəd qüvvəyə mindikdən sonra texniki imkanlar yaradılacaq.

Bundan başqa, Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin tətbiqi üzərində iş aparılır. İşçi qrupun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə  bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan və ingilis dillərində müvafiq portalın (https://translate.justice.gov.az/) yaradılması təmin edilib. Portalda xarici mənşəli sənədlərin tərcüməsinin elektron qaydada notarius tərəfindən rəsmiləşdirilməsi üçün müvafiq addımları nəzərdə tutan funksional imkanlar yaradılıb.

İclas iştirakçıları Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsi və Azərbaycan Respublikasının konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması məqsədilə XİN-in “Konsul leqallaşdırılması” informasiya sisteminin yaradılması, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə görülmüş işləri müzakirə ediblər. XİN-in Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri, işçi qrupun üzvü Ruhlan Nəbiyev bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva layihələrin yekunlaşdırılması, Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsi üçün zəruri olan işlər üzrə səylərin artırılması və işçi qrupda təmsil olunan nümayəndələrin birgə effektiv fəaliyyətinə əlavə dəstəyin verilməsi ilə bağlı məsələləri diqqətə çatdırıb.

İclas iştirakçıları həyata keçirilən işlərin və tətbiq olunması nəzərdə tutulan yeniliklərin ölkəmizdə biznesin qeydiyyatı sahəsinin daha da yaxşılaşmasına gətirəcəyini bir daha vurğulayıblar.