Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimatın təkmilləşdirilməsi qərar №– 1-N
Bakı şəhəri, 19.03.2012-ci il
Respublikamızda həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və inkişafı üçün məqsədyönlü tədbirlər görülmüş, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, ölkəmiz «Yerli özünüidarə haqqında» Avropa Xartiyasına və digər beynəlxalq sənədlərə qoşulmuşdur.
Bələdiyyələrin fəaliyyətinə metodoloji yardım göstərilməsi məqsədi ilə nazirlikdə Bələdiyyələrlə iş mərkəzi təsis olunmuş, onların fəaliyyətinə inzibati nəzarət haqqında qanun qəbul olunaraq bu işin həyata keçirilməsi nazirliyə həvalə edilmiş, yerlərdə belə nəzarətin səmərəsinin artırılması üçün regional ədliyyə şöbələri yaradılmış, habelə inzibati nəzarətin təşkilinə dair Təlimat təsdiq olunmuşdur.
Eyni zamanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı görülmüş işlərə dair illik məruzələr hazırlanaraq Milli Məclisə təqdim edilir.
25.11.2011-ci il tarixdə «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna edilmiş dəyişikliklər, habelə dövlət başçısının 2011-ci il 1 iyul tarixli Fərmanı ilə «Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə»nin tətbiqi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimatın qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını zəruri edir.
Bununla bağlı həmin sənədin yeni redaksiyada layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.
Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.
Göstərilənlərə, habelə «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununa, «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə»yə uyğun olaraq kollegiya qərara alır:
1. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat» yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3. Həmin sənəddə əks olunmuş yeniliklərin aidiyyəti ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və fəaliyyətdə düzgün tətbiq olunması təmin edilsin (M.Səlimzadə, regional ədliyyə şöbələrinin rəhbərləri).
4. Nazirlik üzrə 12.04.2004-cü il tarixli, 15-T nömrəli əmrlə təsdiq edilmiş «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat» (23.07.2004-cü il tarixli, 3071 nömrəli şəhadətnamə), bu Təlimata nazirlik üzrə 04.05.2007-ci il tarixli, 20-T nömrəli (20.06.2007-ci il tarixli, 3318 nömrəli şəhadətnamə) və 14.06.2010-cu il tarixli, 9-T nömrəli əmrlərlə edilmiş əlavə və dəyişikliklər (20.07.2010-cu il tarixli, 3948 nömrəli şəhadətnamə) ləğv edilsin.
Azərbaycan Respublikası ədliyyə nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini II dərəcəli dövlət ədliyyə müşaviri
Vilayət ZAHİROV
13 iyul 2012-ci il tarixli, 11-N nomrəli Qərara əsasən dəyişikliklərlə.
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi Kollegiyasının
2012-ci il 19 mart tarixli
1-N nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan Respublikasının Konstitusiyasına, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb və Bələdiyyələrlə iş mərkəzinin (bundan sonra — Mərkəz), regional ədliyyə şöbələrinin (bundan sonra — Şöbə) və öz səlahiyyətləri daxilində Qanunvericilik baş idarəsinin (bundan sonra — İdarə) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı (bundan sonra — inzibati nəzarət) vəzifələrinin icrası qaydalarını müəyyən edir.
1.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
1.3. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir.
1.4. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.
1.5. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilərkən Mərkəz və Şöbə tərəfindən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.
1.6. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı Mərkəzin və ya Şöbənin rəisi tərəfindən xüsusi biliyə, zəruri texniki, digər bilik və düşüncəyə malik olan ekspertlər və mütəxəssislər müqavilə əsasında araşdırmaya cəlb edilə bilərlər.
1.7. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət üzrə kargüzarlıq işi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparılır.
2. Bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi
2.1. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının bir surəti qəbul edildiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mütləq təqdim olunmalıdır.
2.2. Daxil olan bələdiyyə aktı kargüzarlıq xidmətində müvafiq kitabda (Əlavə NN1) və elektron daşıyıcıda qeydiyyata alınır.
2.3. Bələdiyyələrin normativ xarakterli aktlarına inzibati nəzarət İdarə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi formasında həyata keçirilir. Bu sahədə İdarənin fəaliyyəti Mərkəzlə əlaqələndirilir və görülmüş işlər barədə İdarə tərəfindən Mərkəzə məlumat verilir.
2.4. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bələdiyyələrin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmiş normativ xarakterli aktlarının tətbiqi ilə bağlı məlumat Mərkəz və ya Şöbə tərəfindən əldə edildikdə bu barədə İdarəyə məlumat verilir. Məlumat İdarə tərəfindən əldə edildikdə İdarə bu aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə Mərkəz və ya Şöbəni məlumatlandırmaqla bələdiyyəyə müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat İdarə tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir və bələdiyyənin qərarlarının etibarsız sayılması barədə məhkəməyə müraciət etmək üçün Mərkəz və ya Şöbəyə məlumat verilir.
2.5. Bələdiyyə aktları Bakı şəhəri üzrə Mərkəzə, regionlar üzrə isə Şöbəyə təqdim edilir. Şöbədə baxıldıqdan sonra aktlar rəylərlə (arayışla) birlikdə Mərkəzə göndərilir. Mərkəz və ya Şöbə tərəfindən icraat aşağıdakı qaydada aparılır:
2.5.1. bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olması barədə kifayət qədər əsas olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir. Müraciətdə qeyd olunanların bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş 15 gün ərzində yerinə yetirilməsi nəzarətdə saxlanılır;
2.5.2. göstərilən ziddiyyət aradan qaldırılmadıqda Mərkəz və ya Şöbə tərəfindən 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır. Şöbə məhkəmədə iddia qaldırması və onun nəticəsi barədə Mərkəzə məlumatlar verir;
2.5.3. bələdiyyə aktının bu Təlimatın 2.5.1-ci yarımbəndində sadalanmış normativ-hüquqi aktlara zidd olduğu müəyyən edilmədikdə və yaxud müəyyən edilmiş ziddiyyət Mərkəzin müraciəti əsasında bələdiyyə tərəfindən aradan qaldırıldıqda, bu barədə arayış tərtib edilir və Mərkəz rəhbərliyinin razılığı ilə sənədlər işə tikilir. Bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu göndərilir.
2.6. Bələdiyyə aktında mübahisə doğuran məsələlərin araşdırılması üçün əlavə sənədlərin və ya məlumatların təqdim olunması barədə bələdiyyəyə şifahi və yaxud yazılı müraciət olunur. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 15 gün ərzində Mərkəzə və ya Şöbəyə təqdim etməlidir.
2.7. Bu fəsildə nəzərdə tutulmuş fəaliyyət üzrə icraat 30 gün müddətində həyata keçirilir. Sənədlərin hərəkəti bu Təlimatın 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada qeydiyyata alınır.
2.8. Bələdiyyələr qəbul edilmiş aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gün müddətində təqdim etmədikdə Mərkəz və ya Şöbə tərəfindən inzibati xəta haqqında protokol (Əlavə NN2) tərtib edilərək müvafiq məhkəməyə göndərilir.
2.9. Bələdiyyə aktlarında mülkiyyət və maliyyə, o cümlədən bələdiyyə vəsaitinin istifadə olunması, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi ilə əlaqədar cinayət əlamətləri olan hüquqpozmalar müəyyən edildikdə araşdırma materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilir. Göstərilən hallar Şöbə tərəfindən müəyyən edildikdə toplanmış materiallar Mərkəzə təqdim edilir.
3. Müraciətlər üzrə inzibati nəzarətin həyata keçirilməsi
3.1. Hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti üzrə inzibati nəzarət icraatına həmin müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu və yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verildikdə başlanılır.
3.2. Bu Təlimatın 3.1-ci bəndində nəzərdə tutulmuş müraciət Mərkəzə və ya Şöbəyə daxil olduqda:
3.2.1. müraciət kargüzarlıq xidmətində müvafiq kitabda və elektron daşıyıcıda qeydiyyata alınaraq dərkənar qoyulması üçün Mərkəzin və ya Şöbənin rəisinə təqdim edilir;
3.2.2. müraciətə 15 gün müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 gün müddətində baxılır. Qanunla müəyyən edilmiş hallarda və qaydada müraciətə baxılma müddəti daha 30 gün müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 gündən çox ola bilməz. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə Mərkəz və ya Şöbə tərəfindən üç gün müddətində yazılı məlumat verilir. Müddətin uzadılması barədə əsaslandırılmış qərar Mərkəzin və ya Şöbənin rəisi tərəfindən qəbul edilir;
3.2.3. müraciətə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir:
-
-
inzibati nəzarət icraatına başlanılması haqqında;
-
müraciətə baxmaqdan imtina edilməsi və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavabın göndərilməsi;
-
3.2.4. müraciətə baxılarkən onun mahiyyəti diqqətlə öyrənilməli, zəruri araşdırmalar aparılaraq lazım olduqda bu Təlimatın 2.6-cı bəndində nəzərdə tutulmuş tədbirlər görülməlidir;
3.2.5. müraciətdə inzibati nəzarət icraatına başlamaq üçün əsas müəyyən edildikdə Mərkəz və ya Şöbə tərəfindən müvafiq icraata başlanılır;
3.2.6. müraciət üzrə yerində araşdırmalar aparılması üçün bu barədə əsaslandırılmış arayış hazırlanır və Mərkəzin və ya Şöbənin rəhbərliyinə məruzə edilir. Şöbə tərəfindən aparılmış araşdırmanın nəticələri barədə arayışın surəti Mərkəzə təqdim edilir. Yerində araşdırmalar müvafiq qanunvericiliyə uyğun həyata keçirilir və onların aparılmasına bələdiyyələr tərəfindən maneələr törədilməsi yolverilməzdir. Aparılmış araşdırmaların nəticələri barədə arayış tərtib edilir;
3.2.7. araşdırmaların aparılmasına maneçilik törədildikdə Mərkəz və ya Şöbə tərəfindən inzibati xəta haqqında protokol (Əlavə NN3) tərtib edilərək müvafiq məhkəməyə göndərilir.
3.2.8. müraciətin araşdırılması zamanı bələdiyyənin fəaliyyətinin və yaxud bələdiyyə aktının bu Təlimatın 2.5.1-ci yarımbəndində sadalanmış normativ-hüquqi aktlara zidd olduğu müəyyən edildikdə, 15 gün ərzində müvafiq fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması, yaxud müvafiq aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə müraciət olunur. Bələdiyyələrin müvafiq fəaliyyətinin dayandırılması və yaxud bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi barədə Şöbə tərəfindən Mərkəzə məlumat verilir;
3.2.9. müraciət bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə müraciət olunur. Şöbə məhkəmədə iddia qaldırması və onun nəticəsi barədə Mərkəzə məlumatlar verir;
3.2.10. müraciət bələdiyyə tərəfindən təmin edildikdə sənədlər işə tikilir;
3.2.11. hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi məqsədi ilə müvafiq bələdiyyəyə dərhal təklif göndərilir (bu zaman elektron rabitə və digər müvafiq vasitələrdən istifadə oluna bilər);
3.2.12. Mərkəzin və ya Şöbənin təklifi 3 gün müddətində bələdiyyə tərəfindən yerinə yetirildikdə sənədlər işə tikilir, yerinə yetirilmədikdə isə dərhal iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada qərar çıxarılması məhkəmədən xahiş edilir;
3.2.13. bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir;
3.2.14. Şöbə tərəfindən bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar edildikdə tədbir görülməsi üçün müvafiq sənədlər Mərkəzə təqdim edilir. Mərkəz tərəfindən inzibati nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə müvafiq sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilir.
4. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı digər müddəalar
4.1. Mərkəz hər ilin sonunda inzibati nəzarətlə bağlı fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsi üçün illik məruzə hazırlayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyinə təqdim edir.
4.2. Mərkəzin və ya Şöbənin nümayəndələri bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı aparılmış ümumiləşdirmələrin nəticəsi üzrə verilmiş təklif və tövsiyələrin müzakirəsi zamanı müvafiq bələdiyyə iclasında iştirak edə bilərlər.
4.3. İllik məruzənin hazırlanması ilə əlaqədar Şöbələr inzibati nəzarət üzrə hesabatlarını Mərkəzə təqdim edirlər. Eyni zamanda şöbələr inzibati nəzarətin həyata keçirilməsi və bələdiyyələrlə bağlı digər fəaliyyətləri barədə Mərkəzə yarımillik və illik hesabatlarını təqdim edirlər.
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat»
Əlavə №– 1
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mütləq təqdim olunan bələdiyyə aktlarının qeydiyyatı kitabı
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat»
Əlavə №– 2
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
______________________________________________________________________
(Bələdiyyələrlə iş mərkəzi və ya regional ədliyyə şöbəsi)
İnzibati xəta haqqında
Protokol №– ____
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat»
Əlavə №– 3
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
______________________________________________________________________
(Bələdiyyələrlə iş mərkəzi və ya regional ədliyyə şöbəsi)
İnzibati xəta haqqında
Protokol №– ____