Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Nəqliyyat sektorunun nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi istiqamətində fəaliyyət aktiv şəkildə davam etdirilir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən növbəti belə görüş Azərbaycan Ekspeditorlar Assosiasiyasının, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirak etdiyi görüşün keçirilməsində məqsəd ölkədə beynəlxalq yükdaşıma fəaliyyəti sahəsinin inkişaf perspektivləri, həmçinin aidiyyəti dövlət qurumlarının birgə iştirakı ilə müvafiq sahədə qeyri-rəsmi fəaliyyətin aradan qaldırılması istiqamətində inzibatçılıq prosesinin təkmilləşdirilməsi imkanlarının müzakirəsi olub.

Görüş zamanı son illərdə vergi qanunvericiliyində beynəlxalq yükdaşıma fəaliyyətinin dəstəklənməsi istiqamətində edilən dəyişikliklər və onların müsbət nəticələri sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda sahibkarlar tərəfindən beynəlxalq yükdaşıma fəaliyyəti sahəsinin təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə də nəzərə alınmaqla verilən təkliflər ətraflı müzakirə edilib.

Tədbir zamanı biznes nümayəndələri tərəfindən qarşılıqlı əməkdaşlıq formatında aparılan müzakirələrin əhəmiyyəti yüksək qiymətləndirilib. Dövlət qurumlarının nümayəndələri tərəfindən gələcəkdə də bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyi diqqətə çatdırılıb.