Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Uğur yolu" Karyera İnkişaf Proqramının qalibləri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyinin "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb. Qalibləri təbrik edən Xidmət rəisi yüksək intellektə malik insan kapitalına qoyulan tələblər, əmək bazarında transformasiyanın yaratdığı çağırışlar və kadr ehtiyatlarının zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Orxan Nəzərli "Uğur yolu" Karyera İnkişaf Proqramının intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması sahəsində mühüm rolunu vurğulayıb. DVX-nin rəisi müsabiqə qalibləri üçün yaradılan fərdi inkişaf imkanlarının dəyərləndirilməsi, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşmaların formalaşdırılması və nəticəyönümlü təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini bölüşüb.

“Uğur yolu” müsabiqəsinin qalibləri “Kölgə iqtisadiyyatı ilə mübarizədə fiskal orqanların rolu: beynəlxalq təcrübə və milli səviyyədə yeni yanaşmalar” mövzusunda təqdimatlarla çıxış ediblər. Görüş çərçivəsində DVX-nin İnsan resursları baş idarəsi tərəfindən insan resurslarının idarə olunması sahəsində yeni yanaşmalar barədə məlumat verilib.

DVX-nin rəisi görüş iştirakçılarını vergi sisteminin strateji vəzifələri barədə məlumatlandırıb. Vergi orqanlarının iqtisadi tənzimləmədə artan rolu və biznes mühitinin təkmilləşdirilməsində fəal iştirakçılığı barədə fikirlər səsləndirilib. Sahibkarlığın inkişafına dəstək məqsədli vergi güzəştləri, təşviqlər və stimullaşdırıcı alətlər xüsusi qeyd edilib. Orxan Nəzərli “Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə Strategiyası”nda yer alan hədəflər, etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulması istiqamətində təşəbbüslər barədə də ətraflı danışıb. Vergi sistemində insan resursları ilə işin ortamüddətli dövrün prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, vergi xidmətinin iqtisadi tənzimlənmədə mövqeyinin möhkəmləndiyi dövrdə kadrlara olan tələblər də artır. Bu baxımdan vergi sistemi müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişafı, rəqabətli insan kapitalının formalaşması və kadrların təkmilləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

DVX-nin rəisi "Uğur yolu" Karyera İnkişaf Proqramının qaliblərindən gözləntilərini ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini vurğulayıb.