İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə yerli istehsalın artımı və ixrac potensialının genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak edib.
Sahibkarlarla görüşdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə bütün sahələrin inkişaf etdiyi, o cümlədən özəl sektorun gücləndiyi, qeyri-neft sənayesi üzrə dövriyyənin, istehsal və ixrac həcminin, yeni iş yerləri və digər iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Qeyri-neft sektorunun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin ölkə iqtisadiyyatı üçün prioritet hədəflər olduğu bildirilib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi və gömrük islahatlarının, daxildə emala xüsusi gömrük prosedurunun, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.
İş adamları fəaliyyətləri və qarşılaşdıqları məsələlər barədə məlumat veriblər, vergi və gömrük güzəştləri, güzəştli kredit, nəqliyyat-logistika, xammala çıxış imkanlarının və ixrac potensialının genişləndirilməsi, standartlaşdırma, mənşə sertifikatının verilməsi, satınalma, torpaqların təyinatının dəyişdirilməsi, yeni bazarlarla əlaqələrin qurulması, yerli istehsalın artımı ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbirdə sahibkarların sualları cavablandırılıb, təkliflərə münasibət bildirilib. Sahibkarlar və ixracatçılarla yeni dövlət dəstəyi alətləri, dövlətin həyata keçirə biləcəyi stimullaşdırıcı addımlar və yeni çağırışlar barədə müzakirələr aparılıb. Qaldırılan məsələlərin ətraflı təhlil edilərək zəruri təkliflərin hazırlanacağı bildirilib.
Qeyd edək ki, sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Yevlax Pilot Aqropark, həmçinin Gəncə şəhərində görüşlər keçiriləcək.