“Yay Təcrübə Proqramı” davam edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, eləcə də şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilən növbəti “Yay Təcrübə Proqramı” davam edir. Ali təhsil müəssisələrinin tələbələri DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunan yay düşərgəsindən sonra Xidmətin Aparatında və digər strukturlarında təcrübə keçirlər.
Layihənin sonuna qədər davam edəcək təcrübədə 60 nəfərədək tələbə peşəkar vergi mütəxəssislərinin rəhbərliyi altında çalışaraq aktual vergi məsələlərinin həllində aktiv iştirak edəcək. Hər bir tələbəyə real layihələr və işgüzar ssenarilər ilə işləmək imkanı yaradılıb ki, bu da gələcəkdə onların peşəkar və şəxsi inkişafına töhfə verəcək.
Qeyd edək ki, “Yay Təcrübə Proqramı”na iyul ayında start verilib və avqustun 30-da başa çatması nəzərdə tutulur.