151 nəfərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub
2024-cü ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 454 cinayət işi başlanıb.
Hesabat dövründə 42 cinayət işinin icraatına xitam verilib, 33 nəfər barəsində 27 cinayət işi ittiham aktı tərtib edilərək Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 6 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş işlər üzrə 4,8 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.
Hesabat dövründə istintaq olunan cinayət işləri üzrə ümumilikdə 13,3 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.
2024-cü ilin 6 ayı ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 48 vergi ödəyicisində 64 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 555,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 151 işçinin əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.
Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,6 milyon manat vəsait ödətdirilib.