edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb
“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb.
Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü il iyulun 1-dək pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
2024-cü ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253.405.778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.