Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ağdam rayonunda sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı məqamlara toxunub. Bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur. Ə.Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının, etibarlı və müasir vergi ekosisteminin formalaşmasının DVX-nin gələcəyə baxışının əsasını təşkil etdiyini diqqətə çatdırıb.

Öz növbəsində tədbirdə iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov görüşü yüksək qiymətləndirib, sahibkarlar üçün faydalı olacağını vurğulayıb.

Sonda  müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.