Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Biznesə daxilolma” və “Vergitutma” indikatorları üzrə 2024-cü il Yol xəritələrinin təqdimatı keçirilib

Mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritələrinin təqdimat mərasimi keçirilib. “Biznesə daxilolma” və “Vergitutma” üzrə işçi qruplara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir.

Təqdimat mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi, həmçinin işçi qruplarına daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva tədbir iştirakçılarını salamlayıb, müvafiq sahələrdə aparılan işlər barədə məlumat veriblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Business Ready” layihəsi barədə danışıb, bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykəndiyini diqqətə çatdırıb. Bildirilib ki, layihə çərçivəsində iki mühüm istiqamət - “Biznesə daxilolma” və “Vergitutma” indikatorları əhatə olunub ki, bu sahələrdə ötən dövrdə 2 illik yol xəritələri həyata keçirilib. 2024-cü il üçün təsdiq edilmiş yeni yol xəritələri isə mövcud proseslərin daha yüksək səviyyəyə qaldırılmasını, nəzərdə tutulan və hüquqi-texniki prosesləri yekunlaşmaqda olan bir sıra yeniliklərin həyata keçirilməsini əhatə edəcək.

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, “Biznesə daxilolma” işçi qrupunun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar barədə danışıb.

«Biznesə daxilolma» indikatoru ilə bağlı Yol Xəritəsi üzrə 2022-2023-cü illərdə həyata keçirilmiş islahatlar barədə danışan S.Musayeva 30-dək tədbirin həyata keçirildiyini, Azərbaycan Respublikasının qanunlarına, o cümlədən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunlara dəyişiklik layihələrinin hazırlandığını qeyd edib. Bildirilib ki, görülmüş işlər nəticəsində kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanlar yaradılıb, kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzası tətbiq edilib, informasiya resursları təkmilləşdirilib, sahibkarlıq subyektləri bu haqda məlumatlandırılıb.

“Biznesə daxilolma” indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrasını nəzərdə tutur.  Həmçinin xarici investisiyalı  kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq. Görüləcək işlər çərçivəsində qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsi prosesinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki imkanın yaradılması, kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət- analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi və xarici mənşəli sənədlərin autentifikasiyası üzrə tədbirlərin icrası sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, xarici mənşəli sənədlərin tərcümə xidmətlərinin vahid mühitdə təşkili məqsədilə xidmət portalı yaradılacaq.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin İqtisadi təhlil şöbəsinin rəisi Telman Məmmədov həyata keçirilən layihələr, “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər barədə təqdimat edib.

Bildirilib ki, “Vergitutma” indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsi 6 altindikator üzrə 9 komponent çərçivəsində 42 müxtəlif tədbirin icrasını nəzərdə tutur. Bunlar vergi qaydalarının aydınlığı və şəffaflığını, ətraf mühit vergilərini, vergi inzibatçılığının rəqəmsallaşdırılmasını, vergi auditi, mübahisələrin həlli mexanizmi və vergi orqanında idarəetmə tədbirlərini əhatə edir.

Sonra iclasda “Ernst & Young Holdings (CİS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Hüquq xidmətinin rəhbəri Məmməd Balacanov əlverişli biznes mühitinin yaradılması istiqamətində dövlət-biznes dialoqu platformasının rolu barədə danışıb.

İşçi qrupların üzvləri yeni yol xəritələrindən gözləntilərini ifadə edib, həyata keçirilən tədbirlərin özəl sektor üçün gətirəcəyi faydaların əhəmiyyətini vurğulayıblar. İclasda biznesin qeydiyyatı və vergitutma sahəsində olan bir sıra məsələlər müzakirə edilib.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev işçi qrupların özəl sektor, ictimai birliklər və konsaltinq şirkətləri tərəfindən təqdim ediləcək bütün təkliflərin müzakirəsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi”, habelə “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi ötən ay Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq olunub.