DVX nümayəndələri Litvada keçirilmiş beynəlxalq forumda iştirak ediblər
14-16 may tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “Kommunikasiya və vergi administrasiyasının imici: reputasiya və iştirakçılığı necə artırmalı” mövzusunda forum keçirilib. Hibrid formada baş tutmuş tədbirdə 37 ölkədən 59 nümayəndə iştirak edib, 21 nəfər isə onlayn şəkildə qoşulub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev və Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva forumda iştirak ediblər.
Forumun açılış mərasimində IOTA-nın vergi məsələləri üzrə eksperti Massimo Morarelli və kommunikasiya üzrə məsul mütəxəssis Erika Szabo iştirakçıları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat veriblər. Bildirilib ki, forum müxtəlif ölkələrin vergi sistemlərinin kommunikasiya sahəsində təcrübə mübadiləsinin təşkili və yeni çağırışlar şəraitində effektiv metodların təqdim edilməsi istiqamətində faydalı platformadır.
Forumun ilk günündə “Kommunikasiyanın qurulması üzrə ölkə təcrübəsi: işçi heyətin məmnuniyyətini və iştirakçılığını təmin etmək, onlar üçün motivasiya üsulları” mövzusunda keçirilmiş sessiyada Birləşmiş Krallıq, Norveç, Slovakiya, Bosniya-Hersoqovina, İsveçrə və Belçikadan olan təmsilçilərin təqdimatları dinlənilib. Tədbirin ikinci günündə “Vergi administrasiyasının daxili kommunikasiyasının qurulmasında kommunikasiya idarələrinin rolu (daxili və xarici kommunikasiyanın əlaqələndirilməsi, daxili kommunikasiyada informasiya axınının dəstəklənməsi, işçilərin müdafiəsi və sosial media üçün təlimatlar)” mövzusunda sessiya keçirilib. Tədbir çərçivəsində Litva, Belçika, Avstriya, Moldova, Finlandiya, Danimarka və İrlandiyanın təcrübəsi təqdim edilib. Forumun üçüncü günü “Vergi administrasiyasının reputasiyasının və cəlbediciliyinin artırılması, imicə zərər vuran potensial risklərin rəqəmsal kommunikasiya alətləri vasitəsilə azaldılması (süni intellekt, informasiya texnologiyası, sosial media və s.)” mövzusuna həsr edilib və Norveç, İtaliya, Fransadan olan iştirakçıların çıxışları yer alıb.
Forum çərçivəsində, həmçinin, “Kommunikasiya idarələrinin daxili kommunikasiyanın təşkilində rolu və vəzifələri”, eləcə də “Vergi administrasiyasının reputasiyasının artırılması və potensial risklərin rəqəmsal azaldılması” mövzularında qrup müzakirələri təşkil olunub. İştirakçılar qruplara ayrılaraq müvafiq mövzular üzrə öz təcrübələrini təqdim ediblər. Müzakirələrdə Azərbaycan nümayəndə heyəti DVX-nin daxili və xarici kommunikasiya sahəsində fəaliyyəti barədə məlumat verib və təmsil etdikləri qurumun təcrübəsini bölüşüb. DVX-də insan resurslarının effektiv idarəetməsinin təşkili sahəsində həyata keçirilən layihələr, xarici kommunikasiya ilə bağlı tətbiq olunan müasir maarifləndirmə metodları və media alətləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Forumun yekununda ölkələr üçün kommunikasiya sahəsində prioritet mövzular, çağırışlar və potensial imkanlar müzakirə edilib.