Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bu il 180 mindən çox Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 229.081 şəxs qəbul edilib, onlara 346.225 sayda xidmət göstərilib ki, bunların 128 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 57 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Ümumi elektron xidmətlərin 89 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövrü ərzində vergi ödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Yanvar – aprel aylarında 2.261 vergi ödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 1.887 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.

2024-cü ilin əvvəlindən mayın 1-dək ümumilikdə 110.054 müraciət üzrə 180.527 Asan İmza sertifikatı verilib.