2024-cü ilin birinci rübündə 125 mindən çox Asan İmza sertifikatı verilib
2024-cü ilin yanvar – mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 159.584 şəxs qəbul edilib, onlara 239.576 sayda xidmət göstərilib ki, bunların 91 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 57 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.
Ümumi elektron xidmətlərin 88,2 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), həmçinin cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması.
Rüb ərzində vergi ödəyicilərindən daxil olmuş 9 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,8 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Yanvar – mart aylarında 1.892 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilib, 1.485 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 484 minə yaxın SMS göndərilib.
Dövr ərzində ümumilikdə 77.299 müraciət üzrə 125.357 Asan İmza sertifikatı verilib.