AİB-lə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib
İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının rəsmisi ilə görüşdə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeniy Jukovla görüşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin AİB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.
Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.
Yevgeniy Jukov AİB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı atılan addımların təqdirəlayiq hal olduğu qeyd edilib. Qurum rəsmisi COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə toxunub. AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB tərəfindən COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan layihəsi və mümkün işbirliyi istiqamətləri müzakirə olunub.