Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi güzəştləri elm, təhsil, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafını dəstəkləyir

Vergi qanunvericiliyinə dəyişiklik edilərkən elm, təhsil, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafının stimullaşdırılması daim diqqətdə saxlanılır. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də məhz vergi ödəyicisinin illik mənfəətinin adıçəkilən sahələrdə fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, həmçinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin bu ildən 10 faizdən 15 faizə qaldırılmasından ibarətdir. Dəyişiklik müəssisələrin korporativ sosial məsuliyyət proqramlarının daha effektiv həyata keçirilməsinə xidmət edir.

Beləliklə, müəssisələr mənfəətlərinin daha çox hissəsini vergi ödəmədən sosial istiqamətlərə maliyyə dəstəyi kimi yönəldə biləcəklər. Məsələn, vergi ödəyicisinin illik mənfəəti 100 min manatdırsa, dəyişikliyə qədər onun 10 min manatı vergidən azad olmaqla ianə edilə bilərdisə, hazırda limit 15 min manata qaldırılıb. 

Güzəşt dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil olunmur, eyni zamanda, yalnız nağdsız qaydada ödənilən ianələrə aiddir. 2019-cu ilin yanvar ayından tətbiq edilsə də, ilkin mərhələdə elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara köçürülən vəsaitlərə şamil edilib. 2021-ci ildən bu güzəşt ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara – “Heydər Əliyev Fondu”, “Qarabağ Dirçəliş Fondu” və “YAŞAT” Fonduna ianələrə də aid edilib. 2023-cü ilədək güzəşt dövlət müəssisələri tərəfindən həyata keçirlən yardımları əhatə etmirdisə, ötən il yanvarın 1-dən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus hüquqi şəxslərə də şamil olunur.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, idmançılar da vergi güzəştlərindən yararlana bilirlər. Beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib. Ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəli) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50.000 manatadək olan hissəsi də gəlir vergisindən azaddır.