Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün məmulatına aksiz markalarının tətbiq edilməsi haqqında təlimat

«Dövlət qeydiyyatına alınmışdır»

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №– 195

23 noyabr 1999-cu il

Nazir
S.HƏSƏNOVA

 

 

«Təsdiq edirəm»

Azərbaycan Respublikasının

Maliyyə Naziri

11 sentyabr 1999-cu il

Nazir
Ə.ƏLƏKBƏROV

 

1. Ümumi müddəalar

1.1. Bu təlimat Azərbaycan Respublikası Prezidentinin «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 05 fevral 1999-cu il tarixli 90 saylı fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı, idxalı, satışı üçün lisenziya verilməsi, onların satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması və gündəlik dövlət nəzarətinin aparılması qaydaları haqqında» 04 mart 1999-cu il tarixli 33 saylı Qərarına əsasən («Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1999-cu il tarixli 33 saylı Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə» Nazirlər Kabinetinin 22 may 1999-cu il tarixli 85 saylı Qərarında nəzərdə tutulan dəyişikliklər və əlavələr nəzərə alınmaqla) hazırlanmışdır.

1.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının satışa buraxılması üçün bu təlimatda nəzərdə tutulan tələblərə əməl edilməlidir.

1.3. Verilmiş lisenziyalar əsasında respublika ərazisində istehsal edilən, ölkə ərazisinə idxal olunan və qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə müvafiq qablaşdırılmış alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı (bundan sonra «markalanmalı məhsullar» adlanacaq) aksiz markası ilə markalanmalıdır.

1.4. Aksiz markalarını saxtalaşdıran hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

1.5. Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ölkə ərazisinə idxal olunmuş markalanmalı məhsulların aksiz markası ilə markalanmadan ölkəyə daşınması, saxlanılması və satışı qadağan edilir.

1.6. Markalanmalı məhsullar üçün aksiz markaları şəxslərə və həmin məhsulları müsadirə etmiş müvafiq orqanlara Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən (həmin markaların hazırlanması, daşınması, saxlanılması üzrə xərclərə bərabər qiymətlə) satılır.

1.7. Respublika ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən markalanmalı məhsulların markalanmasına görə məsuliyyəti müvafiq olaraq istehsalçılar və idxalçılar, həmin məhsulların aksiz markası olmadan satışına görə məsuliyyəti isə onları satan şəxslər daşıyırlar.

1.8. Alınmış aksiz markalarının digər şəxslərə verilməsinə, satılmasına və onların surətlərinin çıxarılmasına yol verilmir. İstifadə olunmamış aksiz markaları Maliyyə Nazirliyinə qaytarılmalıdır.

1.9. Aksiz markalarının hazırlanması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müvafiq poliqrafiya müəssisələrində sifariş olunur. Bu zaman aksiz markalarının üzərində onların təyinatı («daxili istehsal» yaxud «idxal» üçün), markalanmalı məhsulların adı («alkoqollu içkilər» və «tütün məmulatı» üçün) göstərilir.

2. Aksiz markalarının alınması qaydaları

2.1. Maliyyə Nazirliyi tərəfindən aksiz markalarının uçotu və saxlanılması ciddi hesabat blankları üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.2. Rübün başlanmasına 3 (üç) ay qalmış markalanmalı məhsulları istehsal və ya idxal edən şəxslər aksiz markalarına olan tələbatları haqqında Maliyyə Nazirliyinə məlumat verməlidirlər. Aksiz markaları markalanan məhsulların istehsalına və ya onlar ölkə ərazisinə idxal edilməzdən əvvəl alınmalıdır.

2.3. Aksiz markalarının alınmasına çəkilən xərclər məhsulun maya dəyərinə aid edilir.

2.4. Aksiz markalarının alınması üçün markalanmalı məhsulların istehsalçıları və idxalçıları, həmin məhsulları müsadirə etmiş müvafiq orqanlar Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • məhsulun kodu və miqdarı göstərilməklə, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada, iki nüsxədə ərizə (əlavə 1 və 2);
  • markalanmalı məhsulların istehsalına və idxalına icazə verən lisenziyanın surəti;
  • sifariş edilmiş aksiz markalarının alınması üçün vəsaitin dövlət büdcəsinə köçürüldüyünü təsdiq edən sənədin (qəbzin) əsli və surəti (üzləşdirildikdən sonra sənədin əsli şəxsə qaytarılır). Sənədin (qəbzin) «Tədiyyənin təyinatı» qrafasında «Aksiz markalarına görə» sözləri yazılmalıdır;
  • aksiz markalarının alınması üçün şəxs tərəfindən verilmiş etibarnamə;
  • xammalı etil (yeyinti) spirti olan alkoqollu içkilərin istehsalında istifadə olunan etil (yeyinti) spirtinin mənşə sənədləri.

2.5. Markaların alınması üçün sifarişçinin verdiyi ərizə Maliyyə Nazirliyinə daxil olduqdan sonra xüsusi jurnalda qeydiyyatdan keçirilməlidir.

2.6. Aksiz markalarının alınması üçün müvafiq məbləğdə vəsait dövlət büdcəsinə ödənildikdən sonra markaların alınması üçün verilmiş ərizənin üzərində Maliyyə Nazirliyi tərəfindən «Pul vəsaitləri ödənilmişdir» sözləri qeyd olunur və vəzifəli şəxsin imzası ilə təsdiq edilir.

2.7. Aksiz markalarını Maliyyə Nazirliyindən almaq üçün sifarişçi, yaxud onun səlahiyyətli nümayəndəsi şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

2.8. Aksiz markaları sifarişçilərə onların alınması üçün tələb olunan bütün sənədlər qəbul edildikdən sonra 3 (üç) gün ərzində satılmalıdır.

2.9. Aksiz markaları verildikdə Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada iki nüsxədə nömrələnmiş qaimə yazılır. Qaimənin əsli şəxsə, yaxud onun səlahiyyətli nümayəndəsinə verilir, surəti isə etibarnamə ilə birlikdə Maliyyə Nazirliyində saxlanılır.

Qaimələr ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyində qeydiyyatdan keçirilir.

2.10. Aksiz markaları markalanmalı məhsulların hər növü üzrə alınmış lisenziyada göstərilən həcmə uyğun olaraq, ərizədə göstərilmiş miqdarda verilir.

Aksiz markaları satıldıqda bu barədə Maliyyə Nazirliyi tərəfindən xüsusi jurnalda satılmış aksiz markalarının sayı, seriyaları və nömrələri göstərilməklə qeydlər aparılır.

2.11. Aksiz markasının alınması üçün pul vəsaitləri manatla ödənilir.

3. Aksiz markalarının yapışdırılması qaydası

3.1. Azərbaycan Respublikası ərazisində istehsal olunan markalanan məhsullar onları istehsal edənlər tərəfindən, Respublika ərazisinə idxal olunan markalanan məhsullar isə idxal edən şəxslər tərəfindən təqdim edilmək şərti ilə onları istehsal edənlər tərəfindən markalanır.

3.2. Aksiz markası elə yapışdırılmalıdır ki, məhsul istifadə üçün açıldıqda, marka təkrar istifadə üçün yararsız hala düşsün.

3.3. Aksiz markaları yapışdırılarkən onların qırışmasına, əzilməsinə yol verilməməli, mərkəz hissəsi və rekvizitləri aydın görünməlidir.

3.4. Aksiz markası spirtli içkilərin boğazlığına yapışdırılır. Markalar elə yapışdırılır ki, onun mərkəz hissəsi (gerb olan) qapağın mərkəz hissəsi ilə üst-üstə düşsün.

Markaların yapışdırılması üçün elə yapışqan seçilməlidir ki, o aşağı və yuxarı temperatura, müxtəlif rütubətlik dərəcələrinə davam gətirsin və istifadə olunmuş markaları təkrar istifadə etmək mümkün olmasın.

Qutunun formasından asılı olaraq aksiz markaları aşağıda göstərilən qaydada yapışdırılır.

Yan tərəfdən yapışdırma:

a) marka yan tərəfdən elə yapışdırılmalıdır ki, qutunun arxa səthinin bir küncünü və qapağın bir hissəsini tutsun.

Yuxarı səthinə yapışdırma:

b) marka yuxarı səthə elə yapışdırılmalıdır ki, qutunun sağ və sol kənarından, həmçinin arxa tərəflərindən eyni məsafədə olsun.

Arxa tərəfdən yapışdırma:

v) marka arxa tərəfdən səthə elə yapışdırılmalıdır ki, paçkanın sağ və sol kənarından eyni məsafədə olsun.

4. İstehsalçılar və idxalçılar tərəfindən istifadə olunmamış, yaxud zədələnmiş aksiz markalarının geri qaytarılması qaydaları

4.1. İstehsalçılar və idxalçılar bir il ərzində istifadə olunmamış aksiz markalarını Maliyyə Nazirliyinə qaytarmalıdırlar. Alınmış aksiz markaları bir ildən tez olan müddətdə də qaytarıla bilər. İstifadə olunmamış aksiz markalarının geri qaytarılması üçün şəxslər Maliyyə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • aksiz markalarının qaytarılması səbəbləri göstərilməklə, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş formada ərizə (əlavə 3);
  • aksiz markalarının alınması üçün ödənilmiş pul vəsaitlərinin qaytarılması barədə ərizə;
  • markaların istifadə olunmamasının səbəblərini təsdiq edən sənədlər;
  • markaların alınması üçün pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənədin (qəbzin) surəti.

İstifadə edilməmiş aksiz markaları Maliyyə Nazirliyinə qaytarıldıqda bu barədə xüsusi jurnalda qeydlər aparılır.

4.2. Zədələnmiş markalar qaytarılarkən hər vərəqədə 10 (on) ədəd miqdarında, aşağıdakı qaydalara riayət edilməklə yapışdırılmalıdır:

  • aksiz markaları kağız üzərində hamar və düz yapışdırılmalıdır;
  • aksiz markalarının seriyaları və nömrələri dəqiq oxunmalı və mərkəz hissəsi aydın görünməlidir;
  • parçalanmış aksiz markalarının ayrı-ayrı hissələri birləşdirilməlidir;
  • qaytarılan zədələnmiş hər bir markanın (o cümlədən ayrı-ayrı hissələrdən yığılmış) ümumi sahəsi ilkin sahənin 60 (altmış) faizindən az olmamalıdır.

4.3. Zədələnmiş aksiz markalarının məhv edilməsi üçün Maliyyə Nazirliyi 5 (beş) nəfərdən ibarət komissiya yaratmalıdır. Zədələnmiş aksiz markalarının məhv edilməsi haqqında akt tərtib edilməli və komissiyanın üzvləri tərəfindən imzalanmalıdır.

Zədələnmiş aksiz markalarının alınması üçün ödənilmiş vəsait geri qaytarılmır.

4.4. İstifadə olunmamış aksiz markalarına görə pul vəsaiti daxil olduğu mənbəyə müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən qaytarılır. Bu zaman markaların hazırlanması, gətirilməsi və saxlanılması xərclərinin ödənilməsi məqsədilə istifadə olunmamış markaların alınması üçün ödənilmiş vəsaitin 25 (iyirmi beş) faizi büdcəsinin nəfinə tutulur.

5. Aksiz markalarının Azərbaycan Respublikası ərazisindən çıxarılması

5.1. Markalanmalı məhsulların idxalçılarının aldıqları aksiz markalarının Azərbaycan Respublikası ərazisindən çıxarılması sadələşdirilmiş formada sənədləşdirilir.

5.2. Gömrük buraxılış məntəqələrində aksiz markalarının keçirilməsi üçün gömrük rüsumları və gömrük xidmət haqqı alınmır.

6. Markalanan məhsulların respublika ərazisində istehsalına və idxalına nəzarət

6.1. Markalanan məhsulların respublika ərazisində istehsalına və satışına (həmçinin idxal olunmuş) dövlət vergi xidməti orqanları, həmin malların respublika ərazisinə idxalına isə dövlət gömrük xidməti orqanları tərəfindən nəzarət olunur.

6.2. Aksiz markaları Azərbaycan Respublikası ərazisindən çıxarılarkən gömrük orqanları satılmış aksiz markalarının Maliyyə Nazirliyi tərəfindən verilmiş qaimədə göstərilmiş seriya və nömrələrinin bəyannamədə göstərilmiş məlumatlara uyğunluğunu yoxlayırlar.

 

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, №– 10—11), s.21).

 

Əlavə 1

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası ərazisində bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının istehsalına aksiz markalarının alınması üçün ərizə

 

Əlavə 2

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının Azərbaycan Respublikası ərazisinə idxalına aksiz markalarının alınması üçün ərizə

 

Əlavə 3

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Azərbaycan Respublikası ərazisində bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı və idxalı ilə əlaqədar alınmış, bir ildən artıq müddətdə istifadə olunmamış (və ya yararsız hala düşmüş) aksiz markalarının Maliyyə Nazirliyinə qaytarılması üçün ərizə