Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb
Məlum olduğu kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır. Azərbaycan Respublikası müstəqillik dönəmindən bu günə kimi 56 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş imzalayıb ki, bunlardan 54-nün tətbiqinə başlanılıb.
Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 1994-cü ildə imzalanıb. Ötən dövr ərzində ölkələr arasında artan iqtisadi əlaqələr, beynəlxalq vergitutma tendensiyasında baş verən əsaslı dəyişikliklər, hər iki ölkə tərəfindən ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiya layihələrinin yenidən hazırlanması yeni Saziş layihəsi üzrə danışıqların aparılmasını zəruri edib.
Bununla bağlı, cari ilin 7-9 fevral tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Saziş layihəsi üzrə danışıqlar baş tutub.
Danışıqların nəticəsi olaraq fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.
İmzalanmış yeni saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, həm də bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir.