Azərbaycanın vergi sistemi innovativ transformasiya şəraitində: İnklüziv inkişafın yol xəritəsi
Azərbaycanın vergi sistemi son 5 ildə mühüm iqtisadi çağırışlara uyğun inkişaf yolunda əsaslı islahatlarla zənginləşərək inteqrativ inkişaf tempi nümayiş etdirir.
“Report” xəbər verir ki, 2019-cu ildən bu istiqamətlərdə həyata keçirilən islahatlar vergi orqanlarının yeni simasını formalaşdırmağa və vergi inzibatçılığının keyfiyyətinin tamamilə yeni standartlar əsasında formalaşdırılmasına xidmət edirdi. Bu illər ərzində həyata keçirilən tədbirlər qoyulan bir sıra hədəfləri reallaşdırmaqla yanaşı dayanıqlı vergi sisteminin əsasını qoydu. Ölkənin vergi sistemi hazırda iqtisadiyyatın mühüm sütunu, büdcə daxilolmalarının hərəkətverici qüvvəsi və biznes mühitinin əlverişliliyini təmin edən əsas iştirakçıya çevrilib.
Sahibkarlığın inkişafına, qeyri-neft sektorunun artımına və leqal iqtisadiyyata dəstək
Azərbaycanda vergi sistemində aparılan islahatlar geniş və çoxfunksiyalı xarakter daşıyır. Bu islahatların mühüm hissəsi sahibkarlığın fəaliyyətinə dəstək və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına yönəlib. Sahibkarlığın inkişafına dəstək tədbirləri arasında son illər vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri vurğulamaq yerinə düşər. Son illər bütün kateqoriyalardan olan biznes subyektləri üçün müxtəlif vergi güzəştləri verilib və vergi yükü azaldılıb. Bu ildən vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə turizm, tibb, kino sənayesi kimi sahələri üçün də yeni təşviqlər qüvvəyə minib ki, bunlar da sahibkarların vergi yükünün optimallaşdırılmasına xidmət edir.
Vergi güzəştlərinin tətbiqi ölkə iqtisadiyyatının mühüm çağırışlarından olan qeyri-neft sektorunun inkişafının təmin edilməsinə mühüm təsir edir. Azərbaycanda qeyri-neft sektorunun artımı daha çox sənayeləşmə sahəsinin inkişafı hesabına təmin edilir. Ölkə iqtisadiyyatında sənayeləşmə prosesinə mühüm töhfə verən sənaye parklarının rezidentləri üçün mövcud vergi üstünlükləri onların fəaliyyətinə mühüm dəstək verir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 460 milyon manatdan çox vəsaitə qənaət edib.
Bununla yanaşı, hesab edilir ki, Azərbaycanda sənaye parklarına yatırılan hər bir dollar investisiya sonra 4 dəfə çox gəlir gətirəcək.
İndiyənədək ölkədə fəaliyyət göstərən 7 sənaye parkı, 5 sənaye məhəlləsinə 6,6 milyard manatdan cox investisiya yatırılıb.
Biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir
Son üç ildə dövlət-biznes münasibətlərində başlanmış transformasiya prosesi vergi islahatlarının səmərəliliyini artırmaqla daha da sürətlənib. Rəqabətin təmin edilməsi sahibkarlığın təşviqi və leqal fəaliyyətin vergi stimullarının tətbiqi şəraitində genişlənir. Biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır. Bunun nəticəsində "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin "ağarması" prosesi sürətlənir. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir.
2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat daxilolma təmin edilib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artan templə davam edir. İlk növbədə daxilolmalarda könüllü daxilolmaların xüsusi çəkisi daha da artıb. 2019-cu ildən qeyri-neft-qaz vergi daxilolmalarının artım tempi qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir ki, bunun da əsas səbəbi dövriyyələrin şəffaflaşmasıdır.
Dövriyyələrin şəffaflaşmasında mühüm amillər
Azərbaycanda əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən qeyri-neft-qaz özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.
Ötən il məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413,2 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3 % olub. Qeyri-büdcə təşkilatları üzrə artım 15,1 % təşkil edib. Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa-aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. Bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.
“ƏDV geri al” layihəsi stimullaşdırma ilə yanaşı iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. 2023-cü ildə fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb. Ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb. Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verişin genişlənməsinə səbəb olub. Ötən il ölkədə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə artaraq 48 milyard 978 milyon manat təşkil edib. Bu, həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.
Rəqəmsallaşma və innovativ xidmətlərə doğru
Son zamanlar vergi sistemində aparılan islahatlar nəticəsində də əsaslı dəyişikliklər edilib. Dövlət Vergi Xidməti vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi ilə vergi orqanlarının məlumat bazasının səmərəli və sürətli emalı sisteminin qurması qərarların qəbul edilməsini sürətləndirməklə vaxt itkisinin qarşısını alıb. Bir sözlə rəqəmsallaşma vergi inzibatçılığını təkmilləşdirib. Vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin təmassız formada təşkili vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsini təmin edib.
Rəqəmsallaşmanın genişləndirilməsi həm də vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə yol açır. Hazırda məlumatların təhlükəsizliyini təmin etmək, maliyyə itkilərinə yol verən əməliyyatların qarşısını almaq və virtual məkanda etimadın qorunması qlobal vergi sistemində mühüm çağırışlardandır. Odur ki, Azərbaycanda bu ildən etibarən vergi ödəyicilərinin elektron kabinetə girişi ASAN imza vasitəsilə yerinə yetirilir. Həmçinin vergi ödəyiciləri üçün virtual ASAN imza yaradılıb. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir.
"Kölgə iqtisadiyyat"ı ilə sistemli mübarizə davam etdirilməlidir
Yekun olaraq qeyd edək ki, vergi sistemi ölkə iqtisadiyyatının fundamental hissəsidir və burada islahatlar ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun həyata keçirilməlidir. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə uyğun olaraq dayanıqlı iqtisadiyyata dəstək, özəl sektorun iqtisadi inkişafda payının artırılması, qeyri-neft sektorunun inkişaf tempinin davamlılığının təmin edilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması kimi hədəflər əsas istiqamətləri müəyyən edir.
Bu hədəflərə çatmaq üçün vergi inzibatçılığında da müxtəlif tədbirlərin görülməsi zəruridir. Ortamüddətli perspektivdə “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizənin davam etdirilməsi, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərindən effektiv istifadə edilməsi labüddür. Bu addımlar iqtisadiyyatın daha da şəffaflaşması, şaxələnməsi istiqamətində mühüm rol oynayacaq, vergi sisteminin biznesin tələbatına uyğun təkmilləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafında ən yaxın iştirakçılardan olmasına mühüm təkan verəcək.