“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 705-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2027 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 705-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 fevral tarixli 2027 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1.aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin: “3.5. Bu Qaydaların 3.4-cü bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vergi ödəyicisindən, sığortaedəndən və ya sığortalıdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi ödəyicisi tərəfindən təmin edilir.”;
1.2. Qaydalara 2 nömrəli əlavənin “Qeyd” hissəsinin mətni 1-ci hissə hesab olunsun və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Dövlət əmlakının özəlləşdirilməsinin başa çatmasını təsdiq edən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vergi ödəyicisindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi ödəyicisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi ödəyicisi tərəfindən təmin edilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 308 (Cild I) ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1.aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:
“4.1-1. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər nümayəndəlikdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi nümayəndəliyin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya nümayəndəlik tərəfindən təmin edilir.”;
2.2. 4.6-cı bəndin dördüncü abzasına “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 4.1-1-ci bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
2.3. 5.1-ci bəndə “təqdim edilmiş” sözlərindən sonra “(bu Qaydaların 4.1-1-ci bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 885 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Vergi partnyorluğu Sazişinin forması”na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:
“2.1.1-1. Bu Sazişin 2.1.1-ci yarımbəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vergi ödəyicisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi ödəyicisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi ödəyicisi tərəfindən təmin edilir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”na aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs tərəfindən təmin edilir.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1392 (Cild I) ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”nın 5.7-ci bəndinin ikinci cümləsinə “sənədlərdə” sözündən sonra “(bu Qaydanın 5.6-cı bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 103 (Cild I) ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Bu sənədin 3.2-ci bəndində göstərilənlərin, o cümlədən elektron sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;
6.2. 3.5-ci bəndin birinci cümləsinə ikinci halda “aradan qaldırılması” sözlərindən sonra “(bu sənədin 3.3-cü bəndinin tələbi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 yanvar 2024-cü il
№ 55