Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən konvensiya
5 oktyabr 1961-ci ildə bağlanmışdır
Hazırki Konvensiyanı imzalamış dövlətlər,
xarici rəsmi sənədlərin diplomatik və ya konsulluq leqallaşdırılması tələbinin ləğv edilməsini arzulayaraq,
bu məqsədlə Konvensiya bağlamağı qərara aldılar və aşağıdakı müddəalar barədə razılığa gəldilər:
Maddə 1
Hazırki Konvensiya Razılığa gələn dövlətlərdən birinin ərazisində edilmiş və digər Razılığa gələn dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir.
Hazırki Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənədlər kimi baxılır:
a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər;
b) inzibati sənədlər;
c) notarial aktlar;
d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər);
Buna baxmayaraq, hazırkı Konvensiya aşağıdakılara tətbiq edilmir:
a) diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə;
b) kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə.
Maddə 2
Hər bir Razılığa gələn dövlət hazırki Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Hazırki Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi rəsmiləşdirmələr başa düşülür.
Maddə 3
İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə rəsmiləşdirmə, həmin sənədin edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir.
Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya bir neçə razılığa gələn dövlətlər arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.
Maddə 4
3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrı vərəqdə əks etdirilir; həmin şəhadətnamə hazırki Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.
Lakin o, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir.
Maddə 5
Şəhadətnamə sənədi imza etmiş şəxsin və ya hər hansı bir sənəd sahibinin vasatətinə əsasən verilməlidir.
Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.
Maddə 6
Hər bir Razılığa gələn Dövlət öz rəsmi funksiyalarına uyğun olaraq, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamənin verilməsinə səlahiyyəti olan orqanları təyin edir.
Həmin orqan öz ratifikasiya və ya qoşulma haqqında sənədini və ya tətbiq etmə haqqında bəyanatını saxlanca verərkən, Niderlandın Xarici İşlər Nazirliyini bu cür təyinat haqqında məlumatlandırır. Eyni zamanda o, təyin edilmiş orqanlarda edilən hər bir dəyişiklik haqqında nazirliyi məlumatlandırır.
Maddə 7
Verilmiş şəhadətnamələri qeydə almaq üçün 6-cı maddəyə uyğun olaraq, təyin edilmiş hər bir orqanın qeydiyyat kitabı və ya kartotekası olmalı və o, orada aşağıdakıları göstərməlidir:
a) şəhadətnamənin nömrəsi və tarixi;
b) rəsmi sənədi imza etmiş şəxsin soyadı və onun hansı qismdə çıxış etməsi haqqında məlumat, imza edilməmiş sənədlərə münasibətdə isə möhürü və ya ştampı vurmuş orqanın adı.
Bu maraqlı şəxsin vəsatətinə əsasən şəhadətnaməni vermiş hər hansı orqan həmin şəhadətnamədə göstərilən məlumatın qeydiyyat kitabında və ya kartotekada əks etdirilən məlumatla uyğun olub-olmamasını yoxlamalıdır.
Maddə 8
Əgər iki və ya bir neçə Razılığa gələn dövlət arasında imzanın, möhürün və ya ştampın təsdiq edilməsi üçün müvafiq rəsmiləşdirmələrə riayət edilmə tələbi haqqında müddəaları özündə əks etdirən müqavilə, Konvensiya və ya razılaşma bağlanıbsa, hazırki Konvensiya yalnız o halda tətbiq edilməyə bilər ki, həmin müddəalar 3-cü və 4-cü maddələrdə nəzərdə tutulan rəsmiləşdirmələrdən daha ciddi olsun.
Maddə 9
Hazırki Konvensiyada leqallaşdırmadan azad edilmə nəzərdə tutulduqda, hər bir Razılığa gələn dövlət belə hallarda öz diplomatik və konsulluq idarələri tərəfindən leqallaşdırmanın həyata keçirilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görür.
Maddə 10
Hazırki Konvensiya beynəlxalq xüsusi hüquq üzrə Haaqa konfransının 9-cu sessiyasında iştirak edən dövlətlər, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyə tərəfindən imzalanmaq üçün açıqdır.
O, ratifikasiya edilir və ratifikasiya sənədləri Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.
Maddə 11
Hazırki Konvensiya 10-cu maddənin ikinci abzasında nəzərdə tutulan üçüncü ratifikasiya fərmanının saxlanca verildiyi tarixdən sonra altmışıncı gün qüvvəyə minir.
Konvensiyanı imzalamış və sonradan onu ratifikasiya etmiş hər bir dövlətə münasibətdə, hazırki Konvensiya o, öz ratifikasiya fərmanını saxlanca verdiyi tarixdən sonra altmışıncı gün qüvvəyə minir.
Maddə 12
10-cu maddədə adı çəkilməyən istənilən dövlət hazırki Konvensiyaya, onun qüvvəyə minməsindən sonra 11-ci maddənin birinci abzasına əsasən qoşula bilər. Qoşulma haqqında sənəd Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.
Qoşulmanın yalnız qoşulan dövlət və 15-ci maddənin «d» yarımbəndində nəzərdə tutulan bildirişi aldıqdan sonra altı ay ərzində onun qoşulmasına öz etirazını bildirməyən Razılığa gələn dövlətlər arasındakı münasibətlərə hüquqi təsiri vardır. Bu cür təsir haqqında bildiriş Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.
Konvensiyaya qoşulan dövlət və onun qoşulmasına öz etirazını irəli sürməmiş dövlətlər arasındakı münasibətlərə əvvəlki bənddə göstərilən altı aylıq müddətin keçməsindən sonra gələn altmışıncı gün qüvvəyə minir.
Maddə 13
İstənilən dövlət imzalayan, ratifikasiya edən və qoşulan zaman bəyan edə bilər ki, hazırki Konvensiya beynəlxalq səviyyədə onun təmsil etdiyi bütün ərazilərə, yaxud bu ərazilərdən biri və ya bir neçəsinə tətbiq edilir. Bu bəyanat hazırki Konvensiyanın həmin dövlət üçün qüvvəyə mindiyi tarixdən etibarlı hesab edilir.
Sonradan Niderlandın Xarici İşlər Nazirliyi bu cür tətbiq etmə haqqında məlumatlandırılır.
Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyanı imzalamış və ratifikasiya etmiş dövlət tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir. Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyaya qoşulan dövlət tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 12-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 14
Hazırki Konvensiya 11-ci maddənin birinci abzasına uyğun olaraq, qüvvəyə mindiyi tarixdən etibarən beş il ərzində qüvvədə qalacaq, hətta onu ratifikasiya edən və ya sonradan ona qoşulan dövlətlərə münasibətdə də həmin müddət ərzində qüvvədə qalacaqdır.
Əgər Konvensiya denonsasiya edilməzsə, onun qüvvəsi növbəti beş il müddətinə qədər uzadılacaqdır.
Niderlandın Xarici İşlər Nazirliyi beş illik müddətin bitməsinə ən azı altı ay qalmış denonsasiya haqqında məlumatlandırılır.
Denonsasiya hazırki Konvensiyanın tətbiq edildiyi bəzi ərazilərə münasibətdə məhdudlaşdırıla bilər.
Denonsasiya yalnız onun haqqında bildirişi təqdim edən dövlətə münasibətdə qüvvəyə malikdir.
Digər Razılığa gələn dövlətlərə münasibətdə Konvensiya qüvvədə qalır.
Maddə 15
Niderlandın Xarici İşlər Nazirliyi 10-cu maddədə göstərilən dövlətləri, habelə 12-ci maddənin müddəalarına uyğun olaraq, qoşulan dövlətləri aşağıdakılar barədə məlumatlandırır:
a) 6-cı maddənin ikinci abzasında göstərilən bildirişlər haqqında;
b) 10-cu maddədə göstərilən imzalanmalar və ratifikasiyalar haqqında;
c) hazırki Konvensiyanın 11-ci maddənin birinci abzasının müddəalarına uyğun olaraq, qüvvəyə minmə tarixi haqqında:
d) 12-ci maddədə göstərilən qoşulmalar və etirazlar və qoşulmanın qüvvəyə mindiyi tarix haqqında;
e) 13-cü maddədə göstərilən tətbiq etmə və onun qüvvəyə minmə tarixi haqqında;
f) 14-cü maddənin üçüncü abzasında göstərilən denonsasiyalar haqqında.
Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada təyin edilmiş, aşağıda imza edən səlahiyyətli nümayəndələr, hazırki Konvensiyanı imzaladılar.
Haaqa şəhərində 5 oktyabr 1961-ci il tarixdə fransız və ingilis dillərində edilmiş (mətnlər arasında fikir ayrılığı yarandıqda, fransız dilində olan mətn üstünlük təşkil edir) əsli bir nüsxədə Niderland Hökumətinin arxivinə saxlanca verilir və onun təsdiq edilmiş surətləri diplomatik kanallar vasitəsi ilə beynəlxalq xüsusi hüquqa dair Haaqa konfransının doqquzuncu sessiyasında təmsil edilən hər bir dövlətə, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyəyə göndərilir.
Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli, 595-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Konvensiyaya Əlavə
Şəhadətnamənin nümunəsi
Şəhadətnamə, tərəfləri ən azı 9 santimetr uzunluğunda olan, dördkünc şəkildə olmalıdır.
Apostille
(Convention de la Haye du 5 octobre 1961)
Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən, 1961-ci il tarixli Haaqa konvensiyasının iştirakçı-dövlətlərinin siyahısı
1. Avstraliya
2. Avstriya
3. Andora
4. Antiqua və Barbuda
5. Argentina
6. Ermənistan
7. Bahama adaları
8. Barbados
9. Belorusiya
10. Beliz
11. Belçika
12. Botsvana
13. Bosniya və Herseqovina
14. Bruncu
15. Böyük Britaniya
16. Verginiya
17. Almaniya
18. Yunanıstan
19. İsrail
20. İspaniya (və Kanar adaları)
21. İrlandiya
22. İtaliya
23. Kipr
24. Latviya
25. Lesoto
26. Liberiya
27. Litva
28. Lixtenşteyn
29. Lüksemburq
30. Mavrikiya
31. Makedoniya
32. Malavı
33. Malta
34. Marşallar adaları
35. Mairitius
36. Meksika
37. Monako
38. Niderland (Antil adaları)
39. Norveç
40. Panama
41. Portuqaliya (və Madeira)
42. Rusiya Federasiyası
43. Salvador
44. San-Marino
45. Sent-Kits və Nevis
46. Svazilend
47. Seyşel adaları
48. Sloveniya
49. Solomon adaları