Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün keçirilən ”Liderlik Proqramı“ yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbər vəzifəli şəxsləri üçün təşkil edilmiş “Liderlik Proqramı” başa çatıb. Bununla bağlı ADA Universitetində tədbir təşkil olunub. Tədbirdə DVX-nin rəisi Orxan Nəzərli, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, digər rəsmi və rəhbər vəzifəli şəxslər iştirak ediblər.

ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə tədbir iştirakçılarını salamlayaraq müasir idarəetmə sisteminin qarşısında duran yeni çağırışlar barədə danışıb. Bildirib ki, idarəçi rəhbərlər öz sahələri üzrə bilik və bacarıqlarla yanaşı, idarəetmədə tələb olunan yumşaq bacarıqlar, müxtəlif səriştələrə də malik olmalıdırlar. Bu baxımdan ADA Universitetinin Dövlət Vergi Xidməti ilə birlikdə təşkil etdiyi təlimlər bu səriştələrin daha da gücləndirilməsinə hədəflənib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təmsil etdiyi qurumun insan resurslarının inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair strategiya”da beş Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasıdır. DVX-də insan resursları sahəsində görülən işlərdən danışan xidmət rəisi son 2 il ərzində bir sıra uğurlu layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu layihələr heyətə istedadlı əməkdaşların cəlbi, peşəkar inkişafı və motivasiyası proqramlarının tətbiqindən tutmuş yuxarı rəhbər heyətinin səriştələrinin artırılmasına qədər ən müxtəlif komponentləri əhatə edir. Bunların arasında vergi xidmətində idarəetmə sisteminin əsasını təşkil edən orta və yuxarı rəhbər heyətin iş keyfiyyətinin artırılması, bilik və bacarıq potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən bu layihə xüsusi qeyd edilməlidir.

Tədbirdə ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva “Liderlik Proqramı” barədə təqdimatla çıxış edib, proqram haqqında hazırlanmış videomaterial nümayiş etdirilib.

Qeyd edilməlidir ki, “Dövlət Vergi Xidmətində çalışan əməkdaşların bilik və bacarıq potensialının gücləndirilməsi” layihəsi çərçivəsində cari ilin noyabr ayında başlamış və dekabrın 22-dək davam etmiş “Liderlik Proqramı” Dövlət Vergi Xidməti və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Proqramın məqsədi DVX-də yeni yaradılan səriştə modelinin rəhbər heyətə peşəkar formada kommunikasiya olunması və vergi orqanı əməkdaşlarının liderlik bacarıqlarının daha da gücləndirilməsidir. DVX-nin 40 rəhbər vəzifəli şəxsinin iştirak etdiyi təlimlərdə liderlik bacarıqlarının inkişafı, effektiv liderlik xüsusiyyətləri və keyfiyyətləri, şəxsi xüsusiyyətlərin və dəyərlərin liderlik tərzinə təsiri, motivasiya amilləri, emosional zəka və ünsiyyət üslublarının müəyyən edilməsi kimi istiqamətlər təhlil olunub. Bununla yanaşı, proqramda ünsiyyət bacarıqlarının inkişafı, liderliyin imkanları və çətinlikləri, komandaya effektiv rəhbərlik etmək və ruhlandırmaq üçün strategiyaların müəyyənləşdirilməsi, konstruktiv rəy vermək və almaq, strateji planlaşdırma bacarıqlarının təkmilləşdirilməsi, təşkilati dəyişiklik təşəbbüsləri və dəyişikliyi reallaşdıracaq insanları bir araya gətirərək proseslərin uğurla idarə olunması kimi mövzular da yer alıb. Təlimlərə ADA Universitetinin tərkibində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun heyəti, idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, Dünya Bankı, ABŞ-ın ölkəmizdəki səfirliyi, “Nobel Energy”, “PAŞA Sığorta” kimi qurum və şirkətlərdə çalışan kənar ekspertlər də cəlb edilib.

Tədbirdə proqram spikerləri və iştirakçılar da təlim barədə öz təəssüratlarını bölüşüblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.