Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kommersiya hüquqi şəxslərin qeydiyyatı məsələlərinə həsr edilmiş görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirib.

DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verib, «Bir pəncərə» sistemi, biznesin qeydiyyatı ilə bağlı tətbiq olunan təcrübə barədə danışıb. 2008-ci ildən başlayaraq qeydiyyatın sadələşdirilməsi istiqamətində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, sahibkarlıq subyektlərinin qeydiyyatına dair statistikada artım, hüquqi və fiziki şəxslərin fəaliyyəti üçün yaradılmış imkanlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, müvafiq qanunvericilik, start-aplar üçün rəqəmsal dövlət xidmətləri və məlumatların şəffaflığı, praktikada biznesə daxilolmanın effektivliyi istiqamətində qiymətləndirmə istiqamətləri müəyyənləşdirilib. Qiymətləndirmə əhalinin sayına görə respublikamızın ən böyük şəhərində - Bakıda aparılacaq və hədəf kimi təşkilatı-hüquqi formasına görə çoxluq təşkil edən məhdud məsuliyyətli cəmiyyətlər seçiləcək.

Görüş iştirakçıları kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təkmilləşdirilməsi imkanlarını müzakirə ediblər. Toplantı iştirakçılarının sualları cavablandırılıb.