İdman, beynəlxalq daşıma və qida assosiasiyaları ilə görüşlər keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı yaranmış çətinlikər və təkliflərin öyrənilməsi məqsədilə idman sahəsində fəaliyyət göstərən federasiyalar, beynəlxalq daşıma ilə məşğul olan sahibkarların təmsil olunduğu Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası, eləcə də Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə onlayn görüşlər keçirib.
Görüşlərdə UEFA və FİFA tərəfindən ayrılan qrantların AFFA vasitəsilə klublara verilməsi, beynəlxalq yarışların qaliblərinə federasiyalar tərəfindən mükafatların ödənilməsi zamanı vergitutma məsələləri müzakirə olunub. Bundan başqa, avtodaşıyıcıların xarici ölkələrdə çəkdikləri xərclərin tanınması, beynəlxalq yükdaşımada vergidən yayınma halları, qanunvericiliklə müəyyən edilmiş ezamiyyə müddətləri, vergi qanunvericiliyində ictimai iaşə obyektlərinə münasibətdə mövcud vergitutma mexanizmi və onun təkmilləşdirilməsi, qida məhsullarına tətbiq olunan ƏDV dərəcəsi kimi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı aparılan müzakirələr müvafiq sahələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və bu cür tədbirlərin qarşıdakı dövrlərdə də təşkilinin zəruriliyi qeyd olunub.