Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə B2G forumu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. Forum “Caspian Energy Club” tərəfindən 20 ölkədə planlaşdırılan və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

İqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunu təmsil edən dövlət və özəl şirkətlərin nümayəndələrinin qatıldığı forumda DVX-nin rəis müavini Samirə Musayeva fəxri qonaq qismində iştirak edib.

Tədbirdə çıxış edən “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev forumun biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib, sahibkarların vergi qanunvericiliyində gözlənilən dəyişikliklər barədə DVX rəhbərliyinin şərhlərini dinləmək istədiklərini diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sahibkar - dövlət münasibətlərində etimadın artdığını qeyd edərək, nəticə etibarilə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamikanın olduğunu vurğulayıb. Bildirilib ki, vergilərin 96 faizə yaxını dövlət büdcəsinə könüllü ödəmə şəklində daxil olur. Son dövrlərdə aparılan inzibatçılıq və qanunvericilik islahatlarının vergi öhdəliklərinə əməletmənin asanlaşmasına şərait yaratdığını qeyd edən DVX-nin rəis müavini qeyri-neft sektoru üzrə dövlət büdcəsinə vergi daxilolmalarının artım tempinin qeyri-neft ÜDM-nin artım tempini üstələdiyini vurğulayıb.

Qeyd olunub ki, 2019-cu ildən muzdlu işdən gəlirlərə tətbiq edilmiş vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı təmin edib. İslahata başlandığı gündən indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb. S.Musayevanın sözlərinə görə, bu, mövcud etimad mühitinin və şəffaflaşmanın göstəricisidir. Əmək münasibətlərin rəsmiləşdirilməsində əsas hədəf məhz qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşması, sahibkarların yükünün azaldılması ilə yanaşı, daimi iş yerlərinin, dayanıqlı və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasıdır. Nəticədə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı baş verib ki, bu da aparılan siyasətin yalnız iqtisadi yox, həm də sosial siyasətə kökləndiyini göstərir.

DVX-nin rəis müavini vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və qarşıdakı dövrdə vergi siyasətinin əsas istiqamətləri barədə də tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə iki oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi növbəti dəfə sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir. Qeyd olunub ki, qanunvericilik layihələri hazırlanarkən “Caspian Energy Club”un üzvləri, habelə digər sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə biznes nümayəndələrinin qaldırdıqları bir çox məsələlər il ərzində emal edilib və ayrı-ayrı sektorların fəaliyyətinə töhfə verə biləcək təkliflər hökumətə təqdim olunub.

Forumda sahibkarları maraqlandıran əsas məsələlər müzakirə edilib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb. “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev DVX-nin rəis müavini Samirə Musayevaya klubun Fəxri üzvlük sertifikatını təqdim edib, açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkürünü bildirib.

Tədbir iştirakçıların qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün yaradılmış şəbəkələşmə (“networking”) hissəsi ilə davam etdirilib. Sonda “Caspian Energy Club”a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları təqdim edilib.