Korrupsiya ilə mübarizə və şəffaflıq məsələləri müzakirə edilib
“Vergilər” qəzetinin təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi: Dövlət Vergi Xidməti tərəfindən görülən işlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Dəyirmi masada “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Dövlət Vergi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, görülən tədbirlərin davamlı xarakter daşımasının vacibliyini vurğulayıblar. Bu prosesdə müvafiq hüquqi mühitin təmin edilməsi, beynəlxalq təcrübədə tətbiq olunan yanaşmalar, Milli Fəaliyyət Planından irəli gələn və dövlət qurumları üçün müəyyən edilmiş tələblər müzakirə edilib. Vergi ödəyicilərinin korrupsiya halları və vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məlumatvermə imkanları, ödəyicilərin və vətəndaş cəmiyyətinin bu imkanlar barədə məlumatlandırılması, şikayət və müraciətlərə baxılması vəziyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər barədə fikir mübadiləsi aparılıb.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, iqtisadçı ekspert Rəşad Həsənov, insan resursları və əmək qanunvericiliyi üzrə ekspertlər Nihat Əliyev və Nüsrət Xəlilov, vergi məsələləri üzrə ekspertlər Emin Səttarov və Anar Bayramov müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşüblər.