Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Vergilər Nazirliyində İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin və “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Vergilər Nazirliyi tərəfindən görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası vergilər nazirinin 1217040101340300 nömrəli 27 noyabr 2012-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

1.3. Bu Qaydalar Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya resurslarında mövcud olan məlumatların sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edilməsi qaydalarını, o cümlədən informasiyanın əldə edilməsinin formalarını, informasiyanın təqdim edilməsindən imtinanın əsaslarını müəyyən edir.

1.4. İnformasiyanın əldə edilməsi insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması, informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi prinsipləri əsasında həyata keçirilir.

1.5. Bu Qaydalar aşağıdakılara şamil edilmir:

1.5.1. qanunla müəyyənləşdirilmiş dövlət sirri təşkil edən məlumatlara;

1.5.2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədləri ilə işləməyə buraxılmanın təmin edilməsinə;

1.5.3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən təklif, ərizə və şikayətlərə;

1.5.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən müraciətlərə;

1.5.5. beynəlxalq müqavilələrlə müəyyən edilmiş məhdudiyyətlərə.

1.6. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilmişdir:

1.6.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

1.6.2. informasiya xidmətləri - sorğu ilə müraciət edən hər kəsi informasiya ilə təmin etmək üçün göstərilən fəaliyyət;

1.6.3. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət;

1.6.4. informasiya sorğusu verən (bundan sonra - sorğuçu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs.

2. İnformasiya əldə etmək azadlığı

2.1. Hər kəs özü və ya səlahiyyətli  nümayəndəsi vasitəsilə informasiya əldə etmək məqsədi ilə vergi orqanlarına müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

2.2. Hər kəs sorğu edilən informasiyanın informasiya sahibində, yəni vergi orqanlarında  olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün istiqamətləndirici məlumatlar almaq hüququna malikdir.

2.3. Vergi orqanları sorğu edilən informasiyaya malik olduqda hər kəs onu qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir.

2.4. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının iqtisadi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

3. Vergi orqanlarının vəzifələri

3.1. Vergi orqanları öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qaydalarla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur.

3.2. Azərbaycan Respublikası Vergilər Nazirliyində  bu məqsədlə informasiya məsələləri üzrə məsul şəxs təyin edilir və informasiya xidmətləri göstərilir.

3.3. İnformasiya məsələləri üzrə məsul şəxsin təyin olunmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz.

3.4. Vergi orqanları:

3.4.1. informasiya sorğusunun icrasını bu Qaydalarda nəzərdə tutulmuş müddətdə və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir;

3.4.2. sorğuların Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) reyestrini aparmalıdır (“tam məxfi” və “məxfi” qriflə daxil olmuş sorğular istisna olmaqla);

3.4.3. ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir;

3.4.4. sorğuçuya sorğunun əldə edilməsi ilə bağlı kömək göstərməlidir;

3.4.5. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir;

3.4.6. əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır;

3.4.7. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

3.5. İnformasiya məsələləri üzrə məsul  şəxs aşağıdakı funksiyaları yerinə yetirir:

3.5.1. sorğuları diqqətlə araşdırıb zəruri tədbirlər görür;

3.5.2. sorğuların icrasını “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qaydalarla nəzərdə tutulmuş qaydada təmin edir;

3.5.3. informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir;

3.5.4. informasiya əldə edilməsi ilə bağlı vergi orqanlarına göndərilən şikayətləri araşdırıb qərar qəbul edir;

3.5.5. informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir.

4. İnformasiya sorğusunun təqdim edilmə üsulu

4.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir:

4.1.1. vergi orqanlarının  vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

4.1.2. sorğunu şəxsən təqdim etmək və ya vergi orqanlarına poçt, telefaks, yaxud elektron qaydada göndərmək yolu ilə yazılı.

5. İnformasiya əldə etmənin formaları

5.1. Sorğuçu yazılı sorğunun icrasının aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər:

5.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

5.1.2. vergi orqanlarının texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;

5.1.3 sənədin surətinin elektron daşıyıcılara köçürülməsi.

5.2. Vergi orqanları  informasiya sorğusunun bu sorğuda göstərilən formada icrasından aşağıdakı hallarda imtina edə bilər:

5.2.1. texniki imkanlar olmadıqda;

5.2.2. informasiya daşıyıcısının növü ilə əlaqədar icrası mümkün deyilsə;

5.2.3. şifahi sorğu əsasında verilməli olan informasiya böyük vaxt tələb etdiyindən informasiya sahibinin əsas vəzifələrinin yerinə yetirilməsinə maneələr yaradırsa.

5.3. İnformasiyanın təqdim edilmə forması sorğudan aydın olmursa və bunu sorğunun icrası üçün nəzərdə tutulmuş müddət ərzində dəqiqləşdirmək mümkün deyilsə, o zaman sorğunun icrası vergi orqanlarının seçdiyi formada təmin olunur.

5.4. Bu Qaydaların 5.5-ci bəndində göstərilən hal istisna olmaqla informasiyanın əldə olunması ödənişsiz həyata keçirilir.

5.5. Sənədlərin surəti şəklində hüquqi şəxslərin dövlət reyestrindən çıxarışların verilməsi üçün hər səhifəyə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu ödənilməlidir.

6. İnformasiyanın əldə edilməsi haqqında sorğu

6.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir:

6.1.1. sorğuçu fiziki şəxs olduqda onun soyadı, adı və atasının adı, sorğuçu həmçinin vergi ödəyicisi olduqda VÖEN-i;

6.1.2. sorğuçu hüquqi şəxs olduqda hüquqi şəxsin adı, VÖEN-i;

6.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi);

6.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri;

6.1.5. informasiyanın təqdim edilmə forması.

6.2. Sorğuçu Qaydaların 7.2.1-ci yarımbəndində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir.

6.3. Elektron qaydada edilən sorğular istisna olmaqla yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmçinin hüquqi şəxs tərəfindən edilən yazılı sorğu möhürlə təsdiq edilir.

6.4. Yazılı sorğunu qəbul etməkdən imtina edilə bilməz.

6.5. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir:

6.5.1. sorğu anonimdirsə;

6.5.2. sorğu şifahi formada verilmişsə.

6.6. Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyənlərin şifahi sorğusu informasiya sahibinin vəzifəli şəxsləri tərəfindən adları və soyadları, tutduqları vəzifə göstərilməklə yazılı şəkildə tərtib edilir və tarixi göstərilməklə qeydə alınır.

6.7. Hüquqi şəxslərin firma nişanları olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallarda sorğu anonim sayılmır.

7. İnformasiya sorğusunun icra edilməsindən imtina

7.1. Vergi orqanları aşağıdakı hallarda sorğunun icrasından imtina edir:

7.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti olmadıqda və ya tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;

7.1.2. vergi orqanları sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibinin müəyyənləşdirilməsi mümkün olmadıqda;

7.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

7.2. Vergi orqanları aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər:

7.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;

7.2.2. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası vergi orqanlarının  üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;

7.2.3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə və qismən icrasına sorğuçu tərəfindən rəsmi razılıq verilmirsə;

7.2.4. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.

7.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır.

8. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi

Sorğu edilən informasiya vergi orqanlarında yoxdursa və ya vergi orqanlarının səlahiyyətlərinə aid deyilsə, bu zaman aidiyyəti informasiya sahibi müəyyənləşdirilməli və informasiya sorğusu ləngidilmədən, lakin 5 iş günündən gec olmayaraq informasiya sahibinə göndərilməli, bu barədə sorğuçuya məlumat verilməlidir.

9. İnformasiya sorğusunun icra müddəti

9.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.

9.2. Bu müddətdə həmin informasiya öz əhəmiyyətini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

9.3. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

9.4. İnformasiya sorğusunın bu Qaydalarla müəyyənləşdirilmiş icra müddəti sorğunun vergi orqanında qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

9.5. Bu Qaydaların 9.3-cü bəndində göstərilən hallarda sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildikdə vergi orqanında qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

10. İnformasiya sorğusunun icra müddətinin uzadılması

10.1. Vergi orqanlarına həddən çox sorğu daxil olduqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, icra müddəti əlavə olaraq 7 iş günü də uzadıla bilər.

10.2. Vergi orqanları sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

11. İnformasiya sorğusunun icra olunma üsulları

11.1. Vergi orqanları  sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir:

11.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə;

11.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə;

11.1.3. telefaksla;

11.1.4. şifahi formada;

11.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə;

11.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla.

11.2. İnformasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır:

11.2.1. vergi orqanlarının vəzifəli şəxslərinə bilavasitə müraciət edildikdə;

11.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda;

11.2.3. informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə.

11.3. Sənədinsurətiniçıxararkənonunəslinəziyanvurulacağıtəqdirdəvergiorqanları:

11.3.1. əlyazması və ya çap məhsulu ilə tanış olmaq;

11.3.2. audio materialları dinləmək, audiovizual materialları seyr etmək və qeydlər götürmək üçün sorğuçuya şərait yaratmalıdır.

12. İnformasiya sorğusunun icra olunmuş sayılması

12.1. Aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır:

12.1.1. informasiya sorğuçuya bu Qaydalarla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə;

12.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə;

12.1.3. açıqlanmışinformasiyailətanışolmaimkanlarısorğuçuyaizahedildikdə;

12.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə.

13. İnformasiya əldə olunmasının təşkilinə görə məsuliyyət

13.1. İnformasiyanın əldə olunmasının təşkilinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi məsuliyyət daşıyır.

13.2. İnformasiyanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibi olan vergi orqanının rəhbəri daşıyır.