“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı 5 mindən çox xidmət göstərilib
Bu ilin yanvar-oktyabr aylarında “Bakı KOB evi”ndə sahibkarlara beş dövlət qurumu tərəfindən 232 minə yaxın xidmət təqdim edilib. Xidmət göstərən dövlət qurumları arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də yer alır. Burada hesabat dövründə sahibkarlara vergilərlə bağlı 5.074 xidmət göstərilib.
“Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, “ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.
Qeyd olunmalıdır ki, “Bakı KOB evi”ndə sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur. İlin əvvəlindən noyabr ayına kimi dövlət və özəl qurumlar tərəfindən burada 248.262 xidmət göstərilib. Bu xidmətlərin 233.735-i (94,15 faizi) dövlət qurumları, 14.527-si (5,85 faizi) isə özəl qurumlar tərəfindən təqdim olunub.