Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi” qaydaları

I. Ümumi müddəalar

1.1. “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin və digər sahəvi normativ-hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılması üçün arayış təqdim edən (etmiş) vergi ödəyicilərinin (o cümlədən təsərrüfat subyektlərinin (obyektlərinin)) üzərində nəzarətin gücləndirilməsinə dair istiqamətləri müəyyən edir.

II. Vergi ödəyicisinin özünün, filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin fəaliyyətinin dayandırılması üzrə tələblər

2.1. Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim etməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

2.2. “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” Arayış (bu Qaydaların 1 №–-li Əlavəsi) təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin bəyannamələri Vergi  Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Arayış vergi bəyannamələrinin verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir.

2.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq Arayışı şəxsən və ya təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim etməlidir.

2.4. Arayışda aşağıdakı məlumatlar əks etdirilməlidir:

2.4.1. vergi ödəyicisinin fəaliyyətini dayandırması;

2.4.2. vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətini dayandırması;

2.4.2. vergi orqanının adı;

2.4.4. vergi ödəyicisinin VÖEN-i;

2.4.5. vergi ödəyicisinin adı;

2.4.6. filial, nümayəndəlik və ya təsərrüfat subyektinin kodu;

2.4.7. filial, nümayəndəlik və ya təsərrüfat subyektinin adı;

2.4.8. fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix;

2.4.9. fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix;

2.4.10. fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərin sayı və onlara əmək haqqı ödənilıb-ödənilməməsi

2.4.11. fəaliyyətin dayandırıldığı tarixə mövcud olan aktivlərin (mal qalığı, pul vəsaitləri və debitor borcları) qalıq dəyəri

2.4.11-1. fəaliyyətin dayandırılmasının əsas səbəbləri;

2.4.12. arayışı təqdim edən şəxs;

2.4.13. arayışın doldurulma tarixi;

2.4.14. arayışı dolduran şəxsin imzası (möhürü);

2.4.15. vergi orqanının qeydləri (arayışda göstərilənlərin düzgünlüyünü yoxlayan vergi orqanının vəzifəli şəxsi və onun imzası);

2.4.16. fəaliyyətini dayandırmasının əsas səbəbləri;

2.4.17. obyektdə aktivlərin mövcudluğu barədə;

2.4.18. mülkiyyətində olan daşınar əsas vəsaitlərin ümumi dəyəri (manatla);

2.4.19. mallar və ehtiyatların ümumi dəyəri (manatla);

2.4.20. icarəyə götürülmüş daşınar əsas vəsaitlərin mövcudluğu.

Arayış vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur.

III. Fəaliyyətin dayandırılmasına dair arayışların işlənməsi proseduru

3.1 Vergi Məcəlləsinin 16.3-cü maddəsinin və bu Qaydaların 2.4.-cü bəndinin tələblərinə uyğun şəkildə tərtib edilərək vergi orqanlarına təqdim edilmiş və ya göndərilmiş Arayışlara qeydiyyat nömrəsi verildikdən sonra uçot strukturları tərəfindən 2 iş günündən gec olmayaraq proqram təminatına işlənilməlidir.

3.2. Vergi ödəyicilərinə xidmət mərkəzlərinə təqdim edilmiş arayışın rekvizitlərinin tam şəkildə doldurulması xidmət strukturları tərəfindən, digər hallarda isə uçot strukturları tərəfindən yoxlanılır. Arayışın rekvizitlərinin doldurulmasında çatışmazlıqlar aşkar edildikdə və yerində aradan qaldırılması mümkün olmadıqda vergi ödəyicisinə 2 iş günündən gec olmayaraq bu uyğunsuzluğun aradan qaldırılaraq 10 iş günü müddətində vergi orqanına təqdim edilməsi barədə xəbərdarlıq (bu Qaydaların 2 №–-li Əlavəsi) göndərilir. Arayışa qeydiyyat nömrəsi verildikdən sonra uyğunsuzluq aradan qaldırılana qədər uçot strukturları tərəfindən AVİS-in “VÖEN” altsistemində “Gözləmə” faylında saxlanılır. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırıldıqdan sonra məlumatlar proqram təminatına işlənilir.

Vergi ödəyicisi tərəfindən 10 iş günündən sonra uyğunsuzluq aradan qaldırılmazsa 

Arayış “Gözləmə” faylından çıxarılır və vergi ödəyicisinə Arayışın icrasından imtina edilməsi barədə Qərar (bu qaydaların 3 №–-li Əlavəsi) təqdim edilir (göndərilir).

3.3. Vergi ödəyicisi  Arayışı vergi orqanına elektron qaydada göndərdiyi halda arayışdakı məlumatların tamlığı proqram tərəfindən yoxlanılır.

IV. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatları dayandırılmış vergi ödəyiciləri üzrə həyata keçirilməli tədbirlər

4.1. Arayışda göstərilən müvafiq məlumatlarla (mal qalığı, pul vəsaitləri və debitor borclarının) Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məlumatlar, o cümlədən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə göstəriciləri arasında kənarlaşma aşkar edilərsə, bu zaman həmin məlumatlar əsasında Bəyannamələr strukturları tərəfindən qanunamüvafiq  tədbirlər görülür.

4.2. Əlavə olaraq fəaliyyətini dayandıran vergi ödəyicilərinin tərkibi sahələr üzrə təhlil edilməli və fəaliyyət göstərməmələrinin səbəbləri araşdırılmalıdır. Proqram təminatınin imkanlarından istifadə etməklə idxal-ixrac əməliyyatları, balansında əmlakının olması, digər vergi ödəyiciləri tərəfindən mal, iş və xidmətlərə görə elektron-qaimə faktura və ya elektron-qaimə faktura təqdim edilməsi və alınması, həmçinin dövlət büdcəsinə ödəniş aparılması, hər hansı əmlakının icarəyə verilməsi, fəaliyyət göstərməsi və digər uyğunsuzluqlar müəyyən edildikdə bu hallar araşdırılmalı, nəticəsindən asılı olaraq qanunamüvafiq  tədbirlər görülməlidir.

4.3. Aşağıda sadalanan mənbəyi bəlli məlumatlar vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmamasına  əsas verdikdə, aktiv bank hesabına malik olan və fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə aparılan bank əməliyyatları barədə məlumatın verilməsi barədə müvəkkil bank idarələrinə Bəyannamələr strukturları tərəfindən hazırlanmış bildiriş göndərilir:

-Filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) qeydiyyatda olması, yeni qeydiyyatı və ya fəaliyyətinin bərpası;

-Nəzarət-kassa aparatının qeydiyyatda olması və yeni qeydiyyatı;

-Nəzarət-kassa aparatının fiskal yaddaş göstəricilərində olan fərqlər;

-Nəzarət-kassa aparatına quraşdırılmış EMQ və ENL qurğularından vergi orqanlarına ötürülən məlumatlar;

-Pos-terminalın qeydiyyatda olması və yeni qeydiyyatı;

-ƏDV-nin məqsədləri üçün qeydiyyatda olması və ya yeni qeydiyyatı;

-Yeni bank hesabının açılması və ya mövcud bank hesabında əməliyyatların aparılması;

-Ciddi-hesabat blanklarının, o cümlədən elektron-qaimə faktura və ya elektron-qaimə faktura təqdim və ya əldə edilməsi;

-ƏDV depozit hesabına vəsaitin daxil olması;

-İdxal-ixrac əməliyyatlarının aparılması;

-Hesablaması və ya borcu olmadığı təqdirdə dövlət büdcəsinə ödənişlərin edilməsi;

-Təqdim edilməmiş bəyannamələrinin və (və ya) ödənilməmiş vergi borcunun olması;

-Fəaliyyətinin dayandırıldığı dövr ərzində işçilərinə əmək haqqı ödəməsi (Arayışda muzdlu işçilərə əmək haqqı ödəniləcəyini göstərmiş ödəyicilər istisna olmaqla);

-Fəaliyyətinin dayandırılması barədə təqdim etdiyi arayışda göstərdiyi aktivlərinin qalıq dəyəri ilə sonuncu bəyannamənin göstəriciləri arasında fərqin olması;

-Fəaliyyətinin dayandırdığı dövrdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərqlənmə nişanı, sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz, xüsusi lisenziya və icazələrin alınması;

-Keçirilmiş tədbirlər zamanı vergi ödəyicisinin fəaliyyət göstərməsinin aşkar edilməsi;

-Digər mənbəyi bəlli məlumatlar.

Müvəkkil bank idarələrindən alınmış rəsmi məlumatlar vergi orqanında olan digər məlumatlarla tutuşdurulmalı, kənarlaşma faktları aşkar edildiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilməlidir.

 4.4. Fəaliyyəti dayandırılan tarixə dövlət büdcəsi qarşısında borcu olan vergi ödəyiciləri üzrə vergi orqanının müəyyən etdiyi uyğunsuzluqlar əsasında aktivlərin qalıqları müəyyən edildiyi halda həmin vergi ödəyiciləri barədə məlumatlar AVİS proqram təminatı vasitəsilə Borcların alınması strukturlarına ötürülür. Borcların alınması strukturları tərəfindən fəaliyyəti dayandırılan tarixə dövlət büdcəsi qarşısında borcu olan və aktivlərin qalıqları müəyyən edilmiş vergi ödəyicilərinin borcuna müqabil əmlakın siyahıya alınma prosesinin həyata keçirilməsi üçün işlər görülür.

4.5. Fəaliyyətini dayandırmış vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə (Vergi Məcəlləsinin 85.4.-cü maddəsinin müddəaları nəzərə alınmaqla) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında fəaliyyət göstərməsini  müəyyən etmiş struktur tərəfindən 3 iş günündən gec olmayaraq həmin vergi ödəyicisinə əsaslandırılmış məlumatları özündə əks etdirən xəbərdarlıq (bu Qaydaların 4 №–-li Əlavəsi) göndərilir.

4.6. Qaydaların 4.5.-ci bəndində göstərilən vergi ödəyicilərinin təsərrüfat subyekti (obyekti) olduğu halda, həmin təsərrüfat subyektində (obyektində) vergi ödəyicisinin fəaliyyət göstərib-göstərməməsinin 10 iş günü ərzində ünvanlı xidmət qaydasında yerində müşahidə-baxış aparılması məqsədi ilə xidmət strukturlarına məlumat ötürülür.

Xidmət strukturu tərəfindən vergi ödəyicisinin faktiki fəaliyyət göstərməsi müəyyən edildikdə Qaydaların 5.3., 5.4.-cü bəndlərinə uyğun hərəkətlər yerinə yetirilir və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrün başlanğıcından  (Vergi Məcəlləsinin 85.4.-cü maddəsinin müddəaları nəzərə alınmaqla) fəaliyyətinin aktivləşdirilməsi üçün uçot strukturuna məlumat ötürülür.

4.7. Vergi ödəyicisi tərəfindən 10 iş günü müddətindən gec olmayaraq vergi orqanına həmin dövrdə faktiki fəaliyyət göstərmədiyi barədə əsaslı (sənədlər təqdim edilməklə) məlumat (və ya bəyannamə) verilərsə, həmçinin Qaydaların 4.6.-cı bəndinə əsasən Xidmət strukturundan məlumat daxil olmazsa vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilimir.

Xəbərdarlıqda (bu Qaydaların 4 №–-li Əlavəsi) göstərilən 10 iş günü müddətində vergi orqanına məlumat verilməzsə xəbərdarlığı göndərmiş struktur tərəfindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrün başlanğıcından  (Vergi Məcəlləsinin 85.4.-cü maddəsinin müddəaları nəzərə alınmaqla) fəaliyyətinin aktivləşdirilməsi üçün uçot strukturuna məlumat ötürülür.

4.8. Qaydaların 4.5.-ci bəndində qeyd olunan xəbərdarlığı göndərmiş strukturun vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrün başlanğıcından fəaliyyətinin aktivləşdirilməsi barədə məlumatlarına əsasən uçot strukturu vergi ödəyicisinin fəaliyyətini aktivləşdirdikdən (Vergi Məcəlləsinin 85.4.-cü maddəsinin müddəaları nəzərə alınmaqla) sonra 2 iş günündən gec olmayaraq bu barədə vergi ödəyicisinə göndərilməsi (təqdim edilməsi) üçün bildiriş (bu Qaydaların 5 №–-li Əlavəsi) hazırlayır.

4.9. Bildiriş göndərilmiş vergi ödəyiciləri tərəfindən Bəyannamə təqdim edilmədiyi halda Borcların alınması strukturları tərəfindən qanunvericiliyə uyğun işlər aparılır.

V. Təsərrüfat subyektinə malik olan vergi ödəyicisi özünün və ya təsərrüfat subyektinin fəaliyyətini dayandırdığı halda həyata keçirilməli tədbirlər

5.1. Təsərrüfat subyektinə malik olan vergi ödəyicisi özünün və ya təsərrüfat subyektinin fəaliyyətini dayandırdığı halda Arayış proqram təminatında qeydiyyata alındıqdan və Uçot strukturu tərəfindən məlumat bazasına işlənildikdən sonra təsərrüfat subyektində müşahidə-baxış aparılması məqsədi ilə həmin məlumatlar AVİS vasitəsilə xidmət strukturlarına ötürülür.

5.2. Qaydaların 4.6. və 5.1.-ci bəndlərində göstərilən məlumata əsasən özünün və ya təsərrüfat subyektinin fəaliyyətini dayandıran vergi ödəyicisi barədə 10 iş günündən gec olmayaraq həmin vergi ödəyicisinin təsərrüfat subyektində xidmət strukturu tərəfindən müşahidə-baxış keçirilir. Müşahidə-baxış zamanı vergi orqanının əməkdaşı aşağıdakı, lakin bunlarla məhdudlaşmayan halları araşdırır:

5.2.1.  təsərrüfat subyektinin yerləşdiyi faktiki ünvan;

5.2.2. təsərrüfat subyektinin faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmədiyi halda isə fəaliyyətinin dayandırılmasının səbəbləri;

5.2.3. təsərrüfat subyektində faktiki fəaliyyət göstərən vergi ödəyicisi və ya digər şəxslər barədə (adı, soyadı, atasının adı, VÖEN-i) və fəaliyyət növü barədə məlumat;

5.2.4. zəruri olan digər məlumatlar.

5.3. Keçirilən müşahidə-baxışın nəticələri üzrə yuxarıda qeyd olunan məlumatlar əks etdirilməklə vergi əməkdaşı tərəfindən müvafiq qaydada akt tərtib edilir (bu Qaydaların 6 №–-li Əlavəsi), vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin (iştirak etdiyi təqdirdə) və vergi əməkdaşının imzaları ilə təsdiqlənməklə rəsmiləşdirilir.  Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən aktın imzalanmasından imtina edildiyi halda aktda müvafiq qeydlər aparılır.

5.4. Tərtib edilmiş akt 3 iş günündən gec olmayaraq AVİS proqram təminatında qeydiyyata alınmaqla rəsmiləşdirilir və müvafiq ekrana işlənilir.

5.5. Xidmət nəzarət strukturları tərəfindən bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə əsasən ünvanlı xidmət qaydasında aparılan müşahidə-baxış ilə vergi ödəyicisinin fəaliyyət göstərməsi təsdiq edilərsə, proqram təminatında vergi ödəyicisinin (digər təsərrüfat subyektinin (obyektinin)) fəaliyyəti Arayışda fəaliyyətin dayandırıldığı tarixin başlanğıcından etibarən aktivləşdirilir. Bu barədə vergi ödəyicisinə uçot strukturları tərəfindən 2 iş günündən gec olmayaraq proqram təminatı vasitəsilə hazırlanmış bildiriş (bu Qaydaların 7 №–-li Əlavəsi) təqdim edilir (göndərilir).  

5.6. Təsərrüfat subyektinin (obyektinin) bağlı olması səbəbindən araşdırmanın aparılması mümkün olmayan vergi ödəyicisi aidiyyəti strukturlar tərəfindən nəzarətə götürülür.