“Tatneft” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat Nazirliyində “Tatneft” şirkətinin baş direktoru ilə görüşdə energetika sahəsində həyata keçirilən layihələr və əməkdaşlıq imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
Görüşdə “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika sahəsində əməkdaşlıq imkanlarına baxılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR və “Tatneft” PSC şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.
Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov imzalayıblar.
Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.