Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkar birlikləri ilə görüşlərdə 600-dək məsələ müzakirə edilib

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların təməlində cəmiyyətin rifahı, yüksək təminat və sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi dayanır. Bu imkanlar Azərbaycanın iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi əsas hədəflərdəndir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin əsas amillərindən olacaq.

Sahibkarlarla çoxtərəfli əməkdaşlıq

Ölkə iqtisadiyyatında gedən proseslərin başlıca iştirakçılarından olan Dövlət Vergi Xidməti biznes sahəsinin təmsilçiləri ilə əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq platforması yaradıb. Sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin tərkibində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsinin yaradılması bu məqsədlərə xidmət edir. Dövlət-sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. Burada ilk növbədə, sektoral problemlərin davamlı olaraq öyrənilməsi və inkişaf perspektivləri, bu məqsədlə qanunvericilik strukturunu necə dəyişmək barədə dövlət qurumlarının məlumatlı olması təmin edilir. Nəticədə sektor üzrə vergi mexanizmlərinin təkmilləşdirilməsi, dəstək tədbirlərinin görülməsi və yeniliklərin tətbiqi üçün əlverişli şərait yaranır Bu, həm də sahibkarlarla dialoq mesajının cəmiyyətə əyani çatdırılmasıdır. Müxtəlif fəaliyyət sahələri üzrə sahibkarlıq birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və digər ödəyici qrupları ilə aktiv ünsiyyət yaradılır. Qarşıya qoyulan hədəflərə nail olmaq və qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halları araşdırmaq üçün bir neçə istiqamətlərdə işlərin görülməsi həyata keçirilir.

Sahibkarlar və vergi orqanlarının müzakirə müstəvisi

Sahibkarlar və onların birlikləri ilə 2021-2023-cü illər ərzində keçirilmiş görüşlərdə ümumilikdə 600-ə yaxın məsələ (təklif və çətinliklər) müzakirə edilib. Sahibkarlar və onların birlikləri tərəfindən açıqlanan və həlli DVX-nın səlahiyyətlərinə aid olmayan məsələlərin müzakirəsində İqtisadiyyat Nazirliyinin və nazirliyin müvafiq strukturlarının, nazirlik yanında İctimai Şuranın, eləcə də digər aidiyyəti dövlət orqanlarının (Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və s.) nümayəndələrinin iştirakı təmin edilib. Həlli DVX-nın səlahiyyətlərinə aid olan faktiki 381 məsələnin 188-i ilə bağlı müvafiq izahat verilmiş, 193 məsələ qiymətləndirilməsi üçün qeydə alınıb. Bütövlükdə qaldırılan məsələlər üzrə bir sıra təkliflər qanunvericilikdə öz həllini tapıb, təkliflərin bir hissəsinin isə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasından irəli gələrək hazırlanan tədbirlər planına əsasən qarşıdakı dövr ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.