DVX nümayəndə heyəti İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının konfransında iştirak edib
İstanbulda İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının (ATAİC) “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusu üzrə 18-ci illik Texniki Konfransı keçirilib. Tədbirə müşahidəçi ölkə statusunda qatılan Azərbaycanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın açılış mərasimində Türkiyənin xəzinə və maliyyə nazirinin müavini İsmayıl İlhan Hatipoğlu, Malayziyanın Daxili Gəlirlər Şurasının Baş icraçı direktoru Datuk Dr. Mohd Nizom Sairi və Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayraktar çıxış ediblər. Tədbir çərçivəsində iqtisadiyyatın rəqəmsallaşdırılması mühitinin formalaşması, rəqəmsal iqtisadiyyatın əsas xüsusiyyətləri, vergitutma məsələlərinin tənzimlənməsi mövzusunda sessiyalar keçirilib. Sessiyalarda iqtisadiyyatda rəqəmsal mühitin tənzimlənməsi normativlərinin yaradılması, iqtisadi aktivlikdə rəqəmsal iqtisadiyyatın payının davamlı artması şəraitində vergi sistemləri üçün çağırışlar, OECD-nin vergi qanunvericiliyinə iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergi problemlərinin ikimərhələli həllinə dair yanaşmaları, o cümlədən mənfəətin bölüşdürülməsi və əlaqə qaydaları, müasir alətlərin tətbiqi istiqamətində perspektivlər barədə təqdimatlar dinlənilib və müzakirələr aparılıb.
Konfrans çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayraktar ilə keçirilən görüşündə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Vurğulanıb ki, Türkiyə ilə strateji tərəfdaşlığın və sıx münasibətlərin daha da inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, mütəmadi keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsi fonunda vergi sahəsində əməkdaşlıq da genişlənir, iqtisadi sahədə tərəfdaşlıq birgə təşəbbüslərin uğurla reallaşdırılmasına töhfələr verir. Görüşdə Dövlət Vergi Xidməti və Türkiyə Respublikasının Gəlir İdarəsi Başqanlığı arasında yaradılmış birgə İşçi qrupun fəaliyyəti və vergi orqanları arasında əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində DVX rəisi Malayziyanın Daxili Gəlirlər Şurasının Baş icraçı direktoru Datuk Dr. Mohd Nizom Sairi ilə də görüş keçirib. Görüşdə ATAİC-in fəaliyyəti, islam ölkələrində vergi siyasəti ilə bağlı inzibatçılıq təcrübəsi, ikitərəfli əlaqələrin, o cümlədən vergi orqanları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.