Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin rəis müavini MDB vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının 30-cu illik iclası başa çatıb. “Vergi inzibatçılığının effektivliyinin inkişafı üçün texnoloji (rəqəmsal) həllərdən, o cümlədən iri həcmli məlumat bazalarının təhlili üsulundan istifadə” və “İnsan resursları potensialının artırılması” mövzularına həsr olunmuş tədbirdə MDB ölkələrində aparılan vergi islahatları, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində böyük həcmdə məlumatların təhlili üçün texnoloji (rəqəmsal) həllər və metodlardan istifadə, innovativ mexanizmlərin yaratdığı imkanlar, insan resurslarının təkmilləşdirilməsi sahəsində həyata keçirilən işlər, həmçinin vergi orqanlarının 2022-ci il üzrə əsas fəaliyyət göstəriciləri, qanunvericilikdə dəyişikliklər, işçi qrupların fəaliyyəti və digər məsələlər müzakirə edilib. İclasda Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Tədbirdə çıxış edən İ.Vəliyev Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Jandos Duysembiyevi yeni vəzifəyə təyinatı münasibətilə DVX-nin rəhbərliyi adından təbrik edib, ona peşəkar fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycan nümayəndə heyətinin iki təqdimatı dinlənilib. İclas iştirakçılarına vergi inzibatçılığının effektivliyinin inkişafı istiqamətində tətbiq olunan müvafiq texnoloji (rəqəmsal) həllər, görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verilib. İkinci təqdimat DVX-nin insan resursları potensialının artırılması istiqamətində təcrübəsini əhatə edib. Azərbaycanın qarşıdakı dövr üçün sosial-iqtisadi inkişaf hədəflərində insan kapitalının inkişafı və rəqabətqabiliyyətli insan resurslarının yaradılmasının əsas prinsiplərdən olduğu, DVX-nin kadrların inkişafına yönələn müxtəlif layihələr həyata keçirdiyi, müasir təlim metodlarından faydalandığı bildirilib. Qeyd olunub ki, DVX vergi sisteminin təkmilləşdirilməsi sahəsində mütərəqqi yanaşmaları daim diqqətdə saxlayır.

İclas zamanı, həmçinin, Koordinasiya Şurasının 2022-2023-cü illər üçün İş Planının nəticələri və 2023-2024-cü illər üçün İş Planı, növbəti iclasın əsas mövzusu və gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub. Sonda Koordinasiya Şurasının 31-ci illik iclasının 2024-cü ilin ikinci yarısında Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb. Növbəti iclasın mövzusu “Ödənişin şəffaflığı və onun geri qaytarılmasının asanlığı üçün ƏDV inzibatçılığında rəqəmsal həllər” olacaq.